Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Samux rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini Elyar Əliyev və Gəncə şəhər sakini Emil Rzayev Samux rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.

Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki çantadan 1 kq 640 qram heroin, 2 kq 85 qram marixuana və 30 ədəd tramal həbləri aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

.