Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti üzrə sınaqların 2025-ci ildə tamamlanması və gömrük prosedurlarının təkmilləşdirilməsi Azərbaycanın Gürcüstan üzərindən dəmir yolu daşımalarından tam istifadə imkanlarını artıracaq.
Bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyindən bildirilib.
Qeyd edilib ki, Gürcüstan dəmir yollarında əsas magistral xəttin modernləşdirilməsi layihəsi ötürmə qabiliyyətini illik 27 mln. tondan təxminən 48 mln. tonadək artırıb. Layihənin təsiri 2025-ci ilin sentyabrından hiss olunmağa başlayıb, tam effekt isə 2026-cı ildən etibarən gözlənilir.
S&P vurğulayır ki, BTQ xətti üzrə test mərhələsinin 2025-ci ildə başa çatdırılması, eləcə də gömrük emalı mexanizmlərində aparılan təkmilləşdirmələr daşımaların bərpasını dəstəkləyəcək. Bu dəyişikliklər nəticəsində Azərbaycan və Türkiyə Gürcüstan Dəmir Yolları (GR) ilə dəmir yolu bağlantısından tam həcmdə istifadə edə biləcək.
Hesabata əsasən, Gürcüstan Dəmir Yollarının strateji və marketinq tədbirləri, həmçinin dövlət dəstəyi ilə həyata keçirilən infrastruktur təkmilləşdirmələri orta və uzunmüddətli dövrdə daşımaların həcminin daha da bərpasına zəmin yaradacaq.
Bununla yanaşı, S&P qeyd edir ki, böyümənin davamlılığı, mövcud infrastrukturun saxlanılması və vaqon-lokomotiv parkının yenilənməsi üçün tələb olunan yüksək kapital xərcləri (capex) Gürcüstan Dəmir Yolları üçün əsas çağırış olaraq qalır.
.
