Bu günlərdə Şimali Kipr Türk Cümhuriyyətində məşhur nəşr olan “En Moda Magazine” tərəfindən təsis edilən, ardıcıl altıncı il davam edən beynəlxalq mükafatlandırma mərasimi baş tutub.

Oxu.Az xəbər verir ki, “Avroviziya” mahnıları “Spotify” platformasında dinlənilməkdə və “YouTube”da izlənilməkdə davam edən, musiqisevərlərin pleylistlərinə daxil olan azərbaycanlı müğənni Samirə Efendi mükafatlandırma mərasiminə fəxri qonaq qismində dəvət olunub. Mükafatlandırma mərasimi dəbli “La Nouba” klubunda keçirilib.

Mükafatlandırma mərasimində 12 ölkədən olan məşhurlar - Kleydi, Feydi, Kosti, Şiraz, Adam Kley, Otiliya, Bəşər Əl Cavad, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və digər dövlət rəsmiləri də iştirak ediblər. Məşhur “Mata Hari”ni ifa edən həmyerlimizin çıxışı gecənin qonaqları tərəfindən gurultulu alqışlarla qarşılanıb, müğənni ilə xatirə olaraq şəkil çəkdirmək istəyənlərin də sayı az olmayıb.

Samirənin özünün də etiraf etdiyi kimi, mükafat ona xoş sürpriz olub.

“Sevinirəm ki, mahnı yayımlandıqdan xeyli vaxt keçməsinə baxmayaraq, unudulmur və yaşamağa davam edir. Yeni üfüqləri fəth etməyə çalışan əsl yaradıcı insanları ruhlandırır”, - deyə Samirə qeyd edib.

Qeyd edək ki, bu, xaricdəki həmyerlimizin ilk uğuru deyil, Azərbaycanın “Avroviziya 2020-2021” beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi “TC Candler” əyləncə platformasının versiyasına görə 2021-ci ilin 100 ən gözəl siması siyahısına daxil edilib. Samirə həmçinin “International Gold Media Awards” mükafatlandırılma mərasimində “İlin Ən Yaxşı Dünya Ulduzu” mükafatına layiq görülüb.

.