“Neft hasilatının azalması ilə əlaqədar gəlirlərimiz də azalmışdı. Hasilatın azalması labüd idi. Bu, neft bazarında qiymətlərin müəyyən səviyyədə saxlanılmasına təkan verdi”.

Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, həmin dəyişikliklər həm ÜDM-ə təsir göstərdi, həm də neft gəlirləri azaldı: “2020-ci ildə pandemiya ilə əlaqədar bir çox sahədə iqtisadi fəaliyyətin məhdudlaşması mənfi təsir göstərməyə bilməzdi. Belə olan halda 2020-ci ildə mənfəət vergisi üzrə daxilolmalarda da böyük artım gözlənilmir. Hökumət tərəfindən iqtisadiyyatın canlandırılması üçün vacib tədbirlərin görülməsi nəzərdə tutulur. İqtisadi və sosial dəstək paketinin bir qismi reallaşıb, bir qisminin isə növbəti ildə də reallaşması planlaşdırılır. Hökumətin əsas amalı odur ki, iqtisadi fəallıq bərpa olunsun”. 

Samir Şərifov: "Hərbi vəziyyətlə bağlı büdcə layihəsi parlamentdə fərqli tarixdə müzakirə edilir"

“İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat məbləğ ayrılması nəzərdə tutulub”.

Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, eyni zamanda Silahlı Qüvvələrə, müdafiə qüvvələrinin daha da yaxşılaşdırılmasına kifayət qədər çox vəsait ayrılması nəzərdə tutulur: “Ümumilikdə, müdafiə xərclərinin cəmi 4,6 milyard manata bərabərdir. Hərbi vəziyyətlə bağlı büdcə layihəsi parlamentdə fərqli tarixdə müzakirə edilir. Deputatlara təşəkkür edirəm ki, onlar sıx qrafik əsasında təqdim edilmiş layihənin müzakirəsinə şərait yaradıblar”.

Nazir: “İlin sonuna Azərbaycan iqtisadiyyatının 4%-dək kiçilməsi gözlənilir”

“İlin sonuna iqtisadiyyatımızın 4%-dək kiçilməsi gözlənilir”.

Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2020-ci ildə pandemiyanın insanlara təsirinin ardan qaldırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib: “2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək vacib tədbirlər var. Eyni zamanda dövlət sərhədlərinin bərpası üçün də vəsaitlər nəzərə alınıb. 2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcə layihələri “Büdcə sistemi haqqında” qanuna uyğun şəkildə qurulub. Prezidentin müəyyən etdiyi qeyri-neft sektorunun inkişafı və s. əsas götürülüb. Növbəti ildə baş verəcək dəyişikliklər və bunun Azərbaycan iqtisadiyyatına təsirləri, ölkə iqtisadiyyatının makroiqtisadi reallıqları və iqtisadi inkişafın növbəti mərhələsinə keçidlə bağlı gözləntilər nəzərə alınıb”. 

Azərbaycanda iqtisadi aktivliyin canlandırılması üçün əlavə vəsait ayrılacaq

“Növbəti ildə də dövlət tərəfindən iqtisadiyyata imkan daxilində əlavə vəsait təmin ediləcək. Bunun əsas hədəfi iqtisadi aktivliyin canlandırılmasıdır”.

Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu məqsədlə Dövlət Neft Fondundan da dövlət büdcəsinə transfert bu ildə olduğu kimi saxlanılır: “Əsasən fiskal gəlirlərimiz faktiki olaraq cari ilin dövlət büdcəsinin dürüstləşdirilməsindən sonrakı səviyyələrdə qalıb. Bunun üçün iqtisadi fəaliyyətdə aktivliyin təmin edilməsi məqsədilə Mərkəzi Bankın sərbəst mənfəətindən bir hissə dövlət büdcəsinə transfert olunacaq. Eyni zamanda dövlət borcundan da bir hissə bu yöndə transfert olunacaq. Dövlət borclanma səviyyəsinin artırılması barədə qərar qəbul edilib. Bu, daha çox daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsi hesabına, digər tərəfdən, beynəlxalq maliyyə qurumlarından əlavə kreditlərin cəlb edilməsi nəzərdə tutulur”.

Gələn il qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının artması gözlənilir

“Növbəti il üçün dövlət büdcəsinin gəlirlərinin cari illə müqayisədə 5%-dən çoxu qeyri-neft sektorunun payına düşəcək”.

Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, hökumətin əsas hədəfi qeyri-neft sektorunun inkişaf etdirilməsidir: “Neft sektorundan əldə ediləcək gəlirlər cari illə müqayisədə 4% azalacaq. 2020-ci ilin dövlət büdcəsinin ilkin təsdiq olunmuş variantında gömrük daxilolmaları üzrə 4 milyard manatın daxil olması nəzərdə tutulurdu. Növbəti ildə bu 3,9 milyard manat gözlənilir. Eyni mənzərə vergi daxilolmalarında da müşahidə edilir. Gələn ildə isə qeyri-neft sektoru üzrə daxilolmaların artması nəzərdə tutulur. Bu il dövlət vergi xidməti xətti ilə dövlət büdcəsinə proqnozlardan daha artıq məbləğdə vəsaitlərin yığılması təmin olunmaqdadır”. 

.