Azərbaycanla Ermənistan arasında sülh, uzunmüddətli barış baş tutduğu halda Türkiyə-Ermənistan sərhədləri də açılacaq.

Bunu Türkiyə Böyük Millət Məclisi - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisdə keçirilən Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin işçi qruplarının birgə görüşü zamanı deyib.

O qeyd edib ki, Türk dövlətləri arasında təhsil, enerji, təhlükəsizlik məsələləri, mədəni tədbirlərin gücləndirilməsi çox önəmlidir. Türkiyə-Azərbaycan parlamentlərarası əməkdaşlığı və regional barış önəmlidir

Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri bildirib ki, Azərbaycan və Türkiyə arasında parlamentlərarası əməkdaşlıq həm regional, həm də türk dünyasında strateji əhəmiyyət daşıyır.

O qeyd edib ki, son dövrlərdə İran və ABŞ arasında baş verən gərginliklər fonunda Azərbaycan və Türkiyənin koordinasiyalı hərəkətləri bölgədə stabilliyin qorunmasında vacib rol oynayır.

Şamil Ayrım vurğulayıb ki, enerji, təhlükəsizlik və ticarət sahələrində Azərbaycanın rolu, Türkiyənin enerji keçid mərkəzi kimi strateji mövqeyi yalnız iqtisadi deyil, həm də regional təhlükəsizlik baxımından önəmlidir.

O əlavə edib ki, Şərqi Aralıq dənizindəki gərginliklər və Kipr məsələsi bu strateji əhəmiyyəti daha da artırır və bölgədə davamlı sülhün təmin edilməsi üçün birgə əməkdaşlıq vacibdir.

Şamil Ayrım, eyni zamanda, Azərbaycan və Türkiyə prezidentlərinin dəstəyini qeyd edərək, parlamentlərarası dostluq qurumlarının bu əməkdaşlığı gücləndirmək və türk dünyasında birgə fəaliyyətin inkişafına töhfə vermək üçün vacib olduğunu bildirib.

.