“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şamaxı rayonunda Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolundakı vəziyyətlə bağlı əraziyə baş çəkib”.

Bunu nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

O bildirib ki, bu zona Basqali-Pirəküşkül örtük kompleksi strukturu üzərindədir: "Bu kompleksin süxurları dayanıqlı olmadığı üçün mövsümdən asılı olaraq zaman-zaman lokal sahələrdə belə hallar baş verir. Mövsümi xarakterli atmosfer çöküntülərinin artması ilə əlaqədar orada bəzi kiçik sahələrdə uçma prosesi olur. Yolun kənarında 3 metr hündürlüyündə, 10 metr uzunluğunda uçma prosesi baş verib. Bu, 9-10 metrlik yolun kənarında klassik uçma prosesidir. Ağsu, İsmayıllı, Şamaxıda belə proseslər tez-tez baş verir”.

Ə.Əliyev qeyd edib ki, hazırda yol bağlı deyil: “Yolun asfalt örtüyünə ciddi ziyan dəyməyib. Mövsümdən asılı olaraq bu zona üçün xarakterik prosesdir. Ciddi sürüşmə prosesi deyil. Yolun sol çiynində 1.5 metrlik çat əmələ gəlib. Bu da yol üçün elə bir təhlükə yaratmır. İntensiv uçma deyil, böyük ərazini də əhatə etmir. Burada bir neçə dəfə belə hallar baş verib. Hazırda qabaqlayıcı tədbirə ehtiyac yoxdur. Yəqin ki, müvafiq qurumlar qarşısını alacaqlar. Bu, sürüşmə deyil, sadəcə uçma prosesidir”.

***

Şamaxı rayonunda Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Rayon mərkəzindən 22 km aralı məsafədə yerləşən bu yolda baş verən sürüşmə nəticəsində təhlükəli vəziyyət yaranıb.

2020-ci ilin əvvəllərində yenidən qurularaq istifadəyə verilən və uzunluğu 16 kilometr olan Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunun bir neçə hissəsi dağılıb, asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Ən çox sürüşmə yolun 6-8-ci kilometrliyində qeydə alınır. 8-ci kilometrlikdə yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, 3 metr dərinliyində iri çuxur yaranıb. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq iri qabarmalar əmələ gəlib ki, bu da sürücülər üçün təhlükə yaradır.

Əsasən də dumanlı havada və axşam saatlarında yoldan istifadə edən sürücülər çətinliklə üzləşirlər. Digər tərəfdən, sürüşmə ərazisində təhlükədən xəbər verən yol nişanlarının olmaması da sürücülərin qəza törətməsinə səbəb olur.

Dörd kəndi birləşdirən və turizm əhəmiyyətli bu yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib. Sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür. Uzun illər yolun yenidən qurulmasını arzulayan sakinlər bu yeni yolun qısa vaxt ərzində yararsız vəziyyətə düşəcəyindən narahatdırlar.

Hazırda sürüşmə aktiv fazadadır.

.