Salyan rayonunun Babazənan dağında neçə illərdir ki, neftli-qazlı yanar su alovlanır. Mütəxəssislərin fikrincə, həmin bu yerlərdə kəşfiyyat xarakterli qazıntı işləri aparılarsa zəngin neft-qaz yataqları aşkar edilə bilər.Ələt-Astara magistral yolunun Çuxanlı kəndi ərazisindən keçən hissəsində 6 kilometr məsafədə yerləşən Babazənan dağında uzun illərdir ki, neftli-qazlı su yerdən qaynayaraq alovlanır. Hətta bəzən alovun hündürlüyü 10-15 metrə qədər yüksəldiyindən onu uzaqdan da müşahidə etmək mümkün olur. Mütəxəssislərin dediklərinə görə hələ ötən əsrin 60-cı illərində bu ərazilərdə bir neçə yerdə kəşfiyyat xarakterli quyular qazılıb.Lakin neft çıxmadığından həmin quyular yenidən torpaqla doldurulub.Buna baxmayaraq həmin quyuların bəzisindən neftli-qazlı su qaynayaraq hələ də alovlanmaqdadır.Mütəxəssilərin fikrincə yerdən qaynayaraq çıxan su,kükürdlü olduğundan həm də müalicəvi əhəmiyyətə malikdir. Müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar bu kükürdlü sudan istifadə etməklə şəfa tapırlar. Ekoloq Elman Hacıyevin sözlərinə görə, bu ərazilər neft-qaz yataqları ilə zəngindir. Əgər bu ərazilərdə qazıntı aparılsa neft yataqları kəşf olunar. Bu da gələcəkdə həm rayon, həm də respublikamız üçün iqtisadi əhəmiyyət kəsb edər.
