Salyanda meyiti tapılan şəxsi gözətçi güllələyib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə saatlarında Qaraçala kəndi ərazisində qeydə alınıb.

İlkin ehtimala görə, gölə balıq tutmaq üçün gələn 2 nəfər gözətçi, 1995-ci il təvəllüdlü Abdullayev Rəşad Valeh oğlu tərəfindən güllələnib.  

Hadisə nəticəsində rayonun Kürsəngi kənd sakini, 1995-ci il təvəllüdlü Qarayev Asif Gəray oğlu hadisə yerində ölüb, onun həmkəndlisi 1996-cı il təvəllüdlü Aydınov Fərzalı Vidadi oğlu isə güllə yarası alıb.

Sonuncu Salyan rayon xəstəxanasına yerləşdirilib. 

Hazırda silahlı insidentin baş verdiyi ərazidə istintaq hərəkətləri davam etdirilir.

***

İyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi barədə məlumat daxil olub.

Salyan rayon prokurorluğundan APA-ya verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman meyitin yaxınlığından 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng, qanabənzər maddələr və balıq tutmaq üçün nəzərdə tutulmuş tor aşkar edilib müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

.