Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Salyan şosesində asfaltlanma işləri aparır.

Yenizaman bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, şose boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. Hazırda icra olunan təmir işləri ilə bu problem aradan qaldırılır.

Aparılan işlər çərçivəsində artıq yolun köhnə Salyan şosesi hissəsində 700 metrlik ərazi təmir olunub. Burda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına 640 p/metr yeni səki daşı düzülüb, həm yolun hərəkət hissəsinə, həm də piyada səkilərinin üzərinə 13 min kv.metrə yaxın yeni asfalt-beton örtüyü döşənib.

Anoloji işlər yolun yeni Salyan şosesi hissəsində də aparılıb. Burada 2 030 metr uzunluğa malik ərazidə təmir işləri icra olunub. Təmir zamanı 2 160 metr uzunluğunda piyada səkiləri bərpa olunub, həm səkilərə, həm də yolun hərəkət hissəsinə 45 min kv.metrə yaxın yeni asfalt-beton örtüyü döşənib.

Hazırda təmir işləri Salyan şosesinin təqribən 1640 metr uzunluğa malik olan hissəsində aparılır. Bu ərazi üzrə 24 min kv.metrə yaxın asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ardınca ərazidə asfaltlanma işlərinin icrasına başlanılıb.

Ümumilikdə təmir işləri sözügedən şosenin Lökbatan dairəsinədək olan hissəsinə qədər davam etdiriləcək.

Ərazidə çalışan işçilərin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından avtonəqliyyat vasitələrinin hərəkəti aparılan işlərdən asılı olaraq qismən və yaxud tam məhdudlaşdırılır.

"Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

.