"Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayevin APA-ya müsahibəsi
-İyunun 4-də 50 yaşınız tamam olur. 50 yaş ərəfəsində əhval-ruhiyyəniz necədir?
- Əhval-ruhiyyəm yaxşıdır, pis deyil. Yaşım artsa da, mən yenə də çalışıram. Bilənlər bilir, bilməyənlər üçün də qoy bilsinlər. Mən Ağdamda anadan olmuşam. Bir tərəfim də Şuşadandır. Anadan olduğum ev, ayaq açdığım torpaqlar işğal altındadır. Belə olan halda istər-istəməz özünü bir o qədər də yaxşı hiss etmirsən. Tez-tez yuxumda Ağdamda doğulduğum məhəlləni,Ağdam ıngözəl yerlərini,dağlarını, Şuşanı - Cıdır düzünü, İsa bulağını gəzirəm. İstəyirəm Qarabağla bağlı bu yuxular gerçək olsun... İnsanın həyatında xoş günlər olduğu kimi, ağır günlərlə də var. Mənim həyatımda ən xoş günlər Azərbaycan Dövlət Universitetinə, indiki Bakı Dövlət Universitetinə daxil olduğum gün və ilk övladımın dünyaya gəlməsi olub. Həyatımda ən dəhşətli tarixlər isə Şuşanın ,Ağdamın işğalı, atamı itirdiyim gündür.
- Təqdimata ehtiyacınız olmasa da, istərdim özünüz haqda oxuculara ətraflı məlumat verəsiniz.
- 1967-ci iliyunun 4-də Ağdam şəhərində anadan olmuşam. 1984-cü ildə Ağdam şəhər 6 nömrəli orta məktəbdən əla qiymətlərlə məzun olmuşam. Qeyd edim ki, təhsil aldığım məktəb dövrün ən yaxşı məktəblərindən biri olub. Məktəbi bitirdiyim il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil oldum. Həmin vaxt qanunvericilikdə baş vermiş müvafiq dəyişikliyin əsasında təhsilimi yarımçıq qoyub, iki il hərbi xidmətdə oldum. Hərbi xidmətdən qayıdıb ikinci kursdan universitetdə təhsilimi davam etdirdim. 1991-ci ildə isə universiteti qırmızı diplomla bitirdim. Aspiranturaya birbaşa, imtahansız qəbul olunmaq üçün təqdimat verilsə də, müəyyən səbəblərdən aspiranturada təhsil almaq fikrindən vaz keçdim. Həm də o vaxtlar meydan hərəkatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi baş vermişdi, bir sözlə vəziyyət ürəkaçan deyildi. Bir müddət müxtəlif institutlarda pedaqoji fəaliyyətlə məşğul oldum. Sözün açığı, çalışdığım institutlarda elmə o qədər də yüksək qiymət verilmirdi, buna görə də orada fəaliyyətimi dayandırdım. Nəhayət 1999-cu ildə, oktyabrın 1-də "Yeni zaman” – "Novoye vremya” qəzetləri təsis olundu və mənim baş redaktorluğum ilə qəzetlər iki dildə - Azərbaycan və rus dillərində çap olunmağa başladı. Qəzetlərin ilk nömrəsi oktyabrın 9-da işıq üzü görüb. Bir müddət qəzetləri iki dildə, həftəlik buraxdıq. Qəzetlər 2001-ci ildən artıq Azərbaycanda ilk dəfə olaraq gündəlik çap olunmağa başladı. 2010-cu ildə də "Tərəqqi” medalı ilə təltif olunmuşam.
- "Yeni zaman” qəzetinin fəaliyyətini dayandırmasına səbəb nə oldu?
- 2004-cü ildə maddi çətinliklər səbəbindən"Yeni zaman” fəaliyyətini dayandırdı. Səbəb bu idi. Amma "Novoye vremya” qəzeti fəaliyyətini davam etdirir. Çünki biz qəbul etsək də, etməsək də, dünya informasiyanı rus dilində daha çox alır.
Demək olar hər gün qəzetimizin səhifəsində və saytlarımızda Qarabağ münaqişəsi, Azərbaycanın haqlı mövqeyi ilə bağlı yazılar dərc olunur. Həm də qəzetləri təsis edən dövrdə Azərbaycan mətbuatında qeyri-dəqiq informasiyalar, təhqir dolu yazılar yazılırdı. Baş redaktor olduğum 18 il ərzində bizim qəzetin səhifəsində kiminsə şəxsi həyatına toxunulmayıb, yalan informasiyalar getməyib, kimsə şantaj olunmayıb. Kimsə dövlətə və dövlətçiliyə zərbə vurursa, təbii ki, bizim tənqid hədəfimizdir. Qəzetimiz gündəlik çap olunur. 2012-ci ildən "Novoye vremya” və "Yeni zaman”ın onlayn versiyaları mövcuddur. Gün ərzində rus versiyamıza 20-25 min oxucu baxır. Yazılarımıza həmişə reaksiya verilir. Qəzetin də, saytların da birinci məqsədi, vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Hər il müxtəlif beynəlxalq təşkilatların tədbirlərinə qatılıram. Bu tədbirlərdə də mövqeyimi ortaya qoyuram. Azərbaycanın ən böyük kompromisi 20 il işğalçı ilə danışıqlar aparmasıdır. Bundan o yana güzəşt yoxdur. Biz də çalışırıq ki, bu mövqeyi dünya ictimaiyyətinə rus dilində çatdıraq. Rus dilində çox böyük oxucu kütləsi var.Dünyada380 milyona yaxın insan rus dilində danışır və oxumağı bacarır. Bu rəsmi statistikadır.
- Qəzetinizin tirajı nə qədərdir?
- Qəzet beş min tirajla çap olunur. Qəzetin satışı bugünkü bazara görə demək olar çox yaxşıdır. Rusdilli qəzetlərin içərisində ən çox satılan qəzetlərdən biri "Novoye vremya”dır. Adi bir misal çəkim. Bir gün qeyri-iş günü və ya bayram olur, qəzet çap olunmur. Səhəri gün redaksiyaya zəng-zəngin dalınca gəlir ki, nə baş verib? Qəzet niyə çap olunmayıb? Bizim standart oxucumuz var. Yəni bu oxucu hər gün evdən çıxır, gedir köşkə və qəzetimizi alır.
- Reklam bağlı məsələyə toxunmaq istərdim.Qəzetlərin reklamlarla təmin edilməsi mexanizmini siz necə görürsünüz?
- Reklam ən ağrılı yerimizdir. Bir neçə il əvvəl böyük bir tədbirdəydim. Latviya qəzetlərindən birinin baş redaktoru dedi ki, böhran var, aylıq reklamının həcmi 200 min avroya düşüb. Təsəvvür edin, aylıq 200 min avro reklam alırlar. Bəs bizdə vəziyyət necədir? Müqayisə aparmağa dəyməz. Qəzetin reklam bazası olmalıdır. Qəzet iqtisadi cəhətdən sərbəst olanda heç bir siyasi sifarişi yerinə yetirmir. İndiyə kimi gedib kiməsə ağız açmamışam. Mən təbiət etibarı ilə həddindən artıq sərbəstliyi, demokratik prinsipləri sevən adamam. Kağız məmulatlarına 18 faiz vergi tətbiq ediləndən sonra vəziyyət bir qədər çətinləşib. Bizim qəzet Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) ilə əməkdaşlıq edir. Müəyyən mənada qəzetin yaşamasında KİVDF-nin danılmaz rolu var.Mən arzulayıram ki,Azərbaycan mətbuatında o qədər reklam bazarı olsun ki, Azərbaycan qəzetləri özlərini o reklamla saxlaya bilsinlər.
- Hər halda reklam verən şəxs üçün ilk olaraq mətbuatın nüfuzu, ictimai rəyə təsiri əsas götürülür. Mətbuatın nüfuzu amilini unutmamalıyıq.
- Haqlısınız, nüfuz məsələsi çox önəmlidir. Buna görə də biz mətbuatın nüfuzunu yüksəltməliyik. Bəzən "reket jurnalistika” deyirlər. Onlar "reket” yox, dilənçi jurnalistlərdir. Onu necə "reket” adlandırmaq olar? Əlinə bir anons götürüb gedib deyir bu qədər ver. İstədiyini vermirlər, qiymətdə düşür aşağı, görür yenə nəsə çıxmır, deyir heç olmasa maşınıma benzin tök gedim. Bu dilənçilikdir, Azərbaycan mətbuatına ləkədir. Bunun qarşısı alınmalıdır. Məhz ona görə də reklam, iqtisadi sərbəstlik olsa, heç kim heç kimin qapısını döyməyəcək.
- Bu gün elektron media çap mediasını açıq-aşkar üstələyir. Mövcud reallıqla hesablaşıb gələcəkdə qəzetin kağız formatında çapından vaz keçib, qəzetin elektron variantda fəaliyyəti davam etdirmək kimi niyyətiniz varmı?Bir də qəzetin elektron versiyasıtirajanecə təsir göstərir?
- Biz bu gün həyatı internetsiz təsəvvür etmirik. Üzr istəyirəm, internet bəzən zibil yeşiyinə çevrilir. Çox təəssüf ki, bu belədir. Kimin ürəyi nə istəyir, yazıb tullayır ora. Sosial şəbəkələrdə elə səviyyəsiz məsələnin müzakirəsinə rast gəlirsən, şoka düşürsən. Ən dəhşətlisi də odur ki, Qarabağla bir yazı verirsən, fikir bildirirsən, o qədər reaksiya bildirmirlər. Qəzetin elektron variantı heç şübhəsiz tiraja təsir göstərir. Bu da təbiidir. Bununla belə, biz qəzetin saytının inkişaf etməsi üçün daha çox çalışacağıq. Amma şəxsən mən özüm qəzetin kağız formatını daha çox sevirəm. Təəssüflər olsun ki, bizim xalq qəzetdən, kitabdan uzaq düşüb. Mən hətta bəzi məmurların dilindən eşitmişəm ki, əşi nə yazırlar yazsınlar da, onsuz da biz oxumuruq. İnsanlar oxuduqlarına görə fəxr etdikləri halda, bizdə bəzi insanlar oxumamaqları ilə fəxr edirlər. Mən istəyərdim ki, bizim cavanlar, bizim insanlar qəzet, kitab oxusunlar. Kitab oxumayan xalq inkişafdan geri qalır.
- Azərbaycanda fəaliyyət göstərən digər rusdilli qəzetlərlə rəqabət mühiti necədir?
- Rusdilli qəzetlərin baş redaktorları arasında həmişə dostluq münasibətləri olub. Təbii ki, bazarda rəqabət var və biz bu rəqabəti həmişə ağıllı şəkildə aparmışıq. Hesab edirəm ki, bizim oxucu kütlələrimiz tamamilə fərqli adamlardan ibarətdir. Yəni "Exo”nun öz strategiyası, öz dəst-xətti, öz oxucusu, "Novoye vremya” qəzetinin isə öz dəst-xətti, öz oxucusu var. Bizim bazarda möhkəmlənməyimizin sirrini aça bilərəm - heç vaxt siyasi təşkilatın iradəsi altında olmamışıq. Bu gün də heç kim bizə diktə edə bilməz ki, bunu yaz və ya bunu yazma. Qəzet tam müstəqil fəaliyyətə başladı. Qəzet üçün nə iqtidar var idi, nə də müxalifət. Qəzet üçün Azərbaycan, Azərbaycanın dövlət və milli maraqları var. Bizim üçün Azərbaycanın dövlət və milli maraqlarına zərbə vuran adam tənqid hədəfidir. Biz müxalifəti də tənqid etmişik, iqtidarı da. Tam müstəqil mövqe tutmuşuq. Jurnalistin Peşə Etikası Kodeksi son dövrlərdə tərtib olunub, amma biz bu peşə etikasını öz daxilimizdə yaratmışıq. Sübut olunub ki, bizim getdiyimiz yol düz yoldur. Bu gün rusdilli qəzetlərin sayı çoxdeyil. Biz öndə gedən rus dilli qəzetik. Azərbaycanda fəaliyyət göstərən Rusiya,ABŞ, Türkiyə, İran, Çin, bütün MDB dövlətlərinin səfirlikləri, beynəlxalq təşkilatlar bizim qəzetə abunədir. Şəxsən bir neçə ölkənin səfiri mənə deyib ki, siz yeganə qəzetsiniz ki, sizdə obyektiv olaraq bütün mövqelərə yer verilir.
- Azərbaycan dilli və rusdilli media və Azərbaycan dilli və rusdilli oxucular arasında hansı fərqlər var?
- Azərbaycandakı rusdilli oxucu yalan sevmir. Söhbət rusdan getmir ha... Rusdilli oxucu intellektual səviyyəyə daha çox fikir verir. Təbii hamısından söhbət getmir, müəyyən Azərbaycan dilli qəzetlərdə yazılan yalanı, böhtanı, şantajı rusdilli oxucu rusdilli qəzetdə görsə, ikinci dəfə o qəzeti oxumayacaq. Qəzetdə idman xəbərində adicə səhv gedəndə oxucular bizə zəng edib deyirlər ki, filan yerdə səhv var. Burada vergül səhvindən, mübtəda ilə xəbərin yerinin dəyişməsindən söhbət gedir. Mahiyyət dəyişmir, amma rusdilli oxucu buna reaksiya verir. Rusdilli oxucunun tələbatı Azərbaycan dilli oxucunun tələbatından daha çox və daha yüksəkdir. Buna görə də rusdilli mətbuatın məsuliyyəti daha çoxdur. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyi irəli sürülüb.Bu, Azərbaycan üçün böyük hadisədir. 8 ay davam edən prosesdə bu məsələ UNESCO-ya üzv yüzlərlə ölkədə müzakirə olunacaq. Bu proses gedən bir vaxtda bu gün erməni mətbuatında Azərbaycan və Polad Bülbüloğluna qarşı hansı kampaniyaların aparılması məlumdur. Bu kampaniyaları erməni aparır. Biz bunu başa düşürük. Polad Bülbüloğlu UNESCO-nun direktoru seçilsə, ən azı biz 4 il Azərbaycan mədəniyyətinin, mədəni abidələrin saxtalaşdırılmasının qarşısını ala biləcəyik. Baxın Azərbaycan mətbuatına. Polad Bülbüloğlunun əleyhinə çirkin kampaniyalar aparılır. Bu milli maraqdırmı? Polad Bülbüloğlu Azərbaycanın barmaqla sayılacaq mədəniyyət xadimlərindən biridir.
Mənim iki övladım var. Böyük oğlum Sankt-Peterburq İqtisad universitetinin məzunudur. Kiçik oğlum isə bu il Bakı Dövlət Universitetini bitirəcək. Mən övladlarımı kiçik yaşlarından Ağdama aparırdım. Mənim getdiyim kəndlə şəhərdə yaşadığım evin arası 7-8 km-dir. İnsan qəlbən ağrıyır. Sən övladlarına doğulduğun, boya-başa çatdığın yeri göstərə bilmirsən. Övladın sənə sual verir ki, ata, sən harada doğulmusan? İnsan həyatında bundan ağır faciə yoxdur. Bunu yaşayanlar bilir. Sovet vaxtı Ağdamın necə bir şəhər olması hamıya məlumdur. Ermənilər Ağdamı yerlə-yeksan ediblər. Mənim övladlarım Qarabağ ləhcəsində danışırlar. Mən onlara Ağdamın videosunu, şəkillərini göstərirəm.Ağdam haqda danışıram. Biz hamımız öz övladlarımızı belə böyütməliyik ki, gələcək nəsil Qarabağı unutmasın. Bizim qəzetin qarşısına qoyduğu məqsədlərdən biri də budur. Biz subyektiv fikirlərdən tam uzağıq. Bunları ona görə dedim ki, bəzən Azərbaycan dilli mətbuatda bunlar nəzərə alınmır.
- Digər mətbuat orqanlarında olduğu kimi,siz də kadr sarıdançətinlik yaşayırsınız?
- Mən ad çəkməyəcəyəm. Bizim qəzetdə yazı yazmağı öyrənən jurnalistlərin eləsi var baş redaktordur, eləsi var televiziyada çalışır, eləsi var aparıcı ekspertə çevrilib. Hətta Rusiya saytlarında çalışan keçmiş əməkdaşlarımız var. Bizim iki qəzetimiz çap olunanda çox böyük kollektiv var idi. Mətbuat katibləri var ki, bizim kollektivdən çıxıblar. Biz buna ancaq sevinirik. Bizim redaksiyaya praktikaya tələbələr gəlirlər, şoka düşürsən. Deyirlər, biz jurnalist olmaq istəmirdik, testlə qəbul olduq. 90 faizi bu vəziyyətdədir. Bir neçə tələbəyə iş də təklif etmişdik. Onların yazılarına baxıram, adam dəhşətə gəlir. Yazıları 2-ci, 3-cü sinfin inşa səviyyəsindədir. Bəli, içərilərində bir-iki istedadlı uşaq var. Biz mətbuatı inkişaf etdirib o həddə çatdırmalıyıq ki, insanlarda bu sahəyə maraq oyansın.
- Rusiya mətbuatında Azərbaycan haqda yazılanlar sizi nə qədər qane edir?
- Biz kimisə günahkar çıxarmağa öyrəşmişik. Özümüzdə heç vaxt günah axtarmamışıq. Rusiya mediasında bizim dəyərli soydaşlarımız çalışır. Çox təəssüf ki, onlar özlərinə yer tuta bilməyiblər. Rusiyada yaşayan azərbaycanlılar ermənilərdən daha varlıdırlar. Bir erməni biznesmen Ara Abramyanın gördüyü işi 10 azərbaycanlı milyarder görə bilmir. Ara Abramyan pulunu xərcləyib erməniləri təbliğ edir. Bizim imkanlı şəxslər belə etmir axı. Buna görə bizim haqqımızda yazılanlar daha azdır. Təbii ki, bu gün Rusiya mediasında Azərbaycan barədə yazılanlar bizi qane etmir - istər keyfiyyət, istər ideoloji, mənəvi baxımdan. Biz ora çıxmaqla bunun qarşısını ala bilərik. Ən asan iş alınmayan işə görə kimisə günahkar çıxarmaqdır. Biz çalışmalıyıq ki, Rusiya mətbuatından bizim səsimiz daha çox gəlsin, bizim mövqeyimizə daha çox yer verilsin. Biz Rusiya mətbuatı ilə əlaqələrimizi inkişaf etdirməliyik. Aparıcı Rusiya KİV ilə ikitərəfli, çoxtərəfli müqavilələr bağlayıb məlumat mübadiləsi apara, Rusiya və Azərbaycan jurnalistlərinin dostluğu cəmiyyətini yarada bilərik. Təbii ki, bunun üçün hakimiyyətin də dəstəyi olmalıdır. Qarşılıqlı yazılar mübadiləsi edə bilərik ki, bununla da Azərbaycan həqiqətlərini Rusiya mətbuatında daha çox işıqlandıraq. İnanın ki, bunlar mümkündür.Bunun üçün oradakı azərbaycanlılar da zəhmət çəkib qazandığı pullardan xərcləməlidir. Kimsə desə ki, bu mümkün deyil, yalan deyir. Bu alınan işdir. Heç kim bunun qarşısını ala bilməz. Azərbaycanda da bu məsələlərə bir qədər diqqətlə yanaşmaq lazımdır.
Sonda onu deyim ki, kimliyindən, siyasi baxışından, düşüncəsindən asılı olmayaraq bizim bir Vətənimiz var – Azərbaycan. Bizim gördüyümüz hər bir işin başında Qarabağ durmalıdır. Biz nə qədər Qarabağı qaytarmamışıq, Qarabağ işğal altındadır, Qarabağ erməni əsarətindədir özümüzə heç bir halda haqq qazandıra bilmərik. Bizim hamımız eyni şeyi düşünməliyik. Həyatda ən böyük arzum doğulduğum məmləkətə getməkdir. Şəxsən mən Ağdam işğaldan azad olunandan sonra qayıdıb Ağdamda işləyəcəyəm. Ən böyük istəyim, ən böyük arzum budur. Gəlin, hamımız Azərbaycan üçün, Qarabağ üçün çalışaq!
.