Qanunsuz miqrasiyaya görə ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mahmud Əliyev dindirilib.

O bildirib ki, Ramin Hacılının onlara borcu olub: "Qardaşımla birlikdə Kanadaya işləməyə getmək istəyirdik. Dedi ki, Kanadaya getmək üçün bir neçə Avropa ölkəsinə getməlisiz. Bizim ikimizdən 8 min dollar pul istədi. Əvvəldən 3 min dollar verdik. Lakin işi görmədi, dedi bu işlərin görülməsi üçün vaxt lazımdır. Daha sonra 2 min dollar da pul verdik ki, işimizi qabağa salsın. Razılaşdı, bizim işimizi tez həll edəcəkdi".

Şahid qeyd edib ki, Ramin Hacılıya daha sonra 11 min 250 manat pul veriblər: "Biz görüşəndə özü etiraf etdi ki, kimsə onu aldadıb. Borcları çoxdur. Biz ona dedik ki, pul verək həm işimizi həll elə, həm də borclarını qaytar, o da razılaşdı. 11 min 250 manat pulu verəndən bir həftə sonra bizə Şengen vizası verdilər. Üstündə 10 gün keçəndən sonra bir qız səfirlikdən zəng elədi ki, Ramın Hacılı hamını aldadır. Lakin biz həmin vizayla Macarıstana və İspaniyaya getdik. Oradan gələndən sonra dedilər ki, Ramini tutublar. Bir müddət sonra o azadlığa çıxdı. Biz yenidən onunla görüşdük. Ramin də orda dedi ki, bizə 19 min manat borcu var. Ya pulu verəcək, ya işimizi düzəldəcək. İndiyədək bizim pulumuzdan bir qəpik də qayıtmayıb".

Şahidinin istintaqa verdiyi ifadəsi elan olunub və məhkəmədə verdiyi ifadə ilə ziddiyyət təşkil etdiyi məlum olub.

Belə ki, şahid istintaqda pulun borc hissəsinin 17 min manat olduğunu deyib. Şahid rəqəmləri qarışdırdığı bildirib və məbləğin 19 min manat olduğunu bildirib.

Ramin Hacılı şahid və qardaşına borcu olduğunu, lakin məbləğin tam dəqiq olmadığını bildirib.

Digər şahid Natiq Əliyev oğlu Emin Əliyevin hüquqi nümayəndəsi kimi ifadə verib. O, oğlunun hazırda İsveçdə yaşadığını bildirib: "Ramin Hacılını tanımıram. Oğlum o vaxt bu adamla iş görüb, lakin məsələnin təfərrüatlarından xəbərim yoxdur".

Proses iyulun 20-də davam etdiriləcək.

Xatırladaq ki, istintaqla müəyyən edilib ki, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Sonradan Ramin Hacılının işi ayrıca icraata verilib.

.