Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Bu gün hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda daha bir neçə şahid ifadələri dinlənilib.

"Ellada" MMC-nin rəhbəri olmuş şahid Əhməd Bağırov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zaqatalada 2 ev tikdiyini bildirib. O, hər evin tikintisi üçün isə nazirliyin tikilməkdə olan obyektlərinin rəhbəri Natiq Əzizova 6 min manat rüşvət verdiyini deyib.

Şahid Şahlar Məmmədov da şirkət rəhbəri olduğunu, 2014-cü ildə Ağdaşda 2 ev tikdiyini bildirib: "Mən iş götürməyə peşman oldum. Özümdən pul qoyub tikdim ki, sonra hesaba köçürüləcək. Amma indiki vaxta qədər pulumu ala bilmirəm. O evləri tikəndən sonra bankrot oldum. Maliyyə Nazirliyi gəldi yoxlama keçirdi, 31 min manat ziyan müəyyənləşdirdi".

Digər şahid Barat Məmmədov deyib ki, tanışı Elman Səfərov "Prometey" MMC-ni onun adına rəsmiləşdirilib, onun isə heç nədən xəbəri olmayıb: "Mən fəhlə işləyib maaşımı almışam. Bu şirkətdə heç səlahiyyətim olmayıb. Sadəcə, lazım olanda sənədlər gətirirdilər, mən də qol çəkirdim".

Proses noyabrın 5-də davam etdiriləcək.
 

.