Qanunsuz miqrasiyaya görə ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Ramin Hacılı vəsatət qaldıraraq mütəşəkkil cinayətkar dəstə yaratmaq maddəsi ilə verilmiş ittihamın ləğv edilməsini, cinayət işinin yenidən istintaqa qaytarılmasını istəyib.

“Mən heç bir mütəşəkkil dəstə yaratmamışam. Nə dəstə var, nə fond var, nə heç nə. Mən bu işdə tək sənəd saxtalaşdırmada təqsirləndirilə bilərəm. Başqa bir nə dələduzluq etmişəm, nə də heç nə...”, - o bildirib.

Məhkəmə vəsatəti təmin etməyib.

Ramin Hacılı məhkəmədə iyunun 16-dan aclıq aksiyasına başladığını bildirib.

Məhkəmədə ifadə verən şahid Azər Əliyevin dediyinə görə, təqsirləndirilən şəxs Kanadaya getmək üçün ona 22 min manat ziyan vurub: “2018-ci ildə mənə Şengen vizası lazım oldu və buna görə mən Raminə müraciət etdim. Əvvəlcə vizaya görə ona 3000 dollar verdim. Daha sonra vizanın tez alınması üçün daha 2 min dollar istədi, onu da verdim. Bundan sonra isə Qış parkında görüşdük, yenə pul istədi. 11 250 manatı da onda verdim. Dedi ki, sizin işinizi düzəldəcəyəm. Şengen vizasını aldım, Ramin isə yoxa çıxdı. Mənim də vizamın vaxtına az qalmışdı. Əslində mənim Kanadaya getməyim lazım idi. Amma alınmadı. Məcbur olub bilet pulumu, qalma pulumu özüm ödəyib Avropaya gedib qayıtdım. Evimi satıb, pulunu Raminə vermişəm. Qayıdan kimi Ramini tapdım. Dedi ki, pulu qaytaracaq, amma qaytarmadı. Məni aldada-aldada bu günə gəlib çıxıb. Mən bunu vurub öldürsəm, tutacaqlar. Əsəb xəstəsi olmuşam”.

Ramin Hacılı bildirib ki, Azər Əliyevə Şengen vizası alandan sonra onu həbs ediblər.

İclasda Ramin Hacılı əsəbiləşərək şüşə qəfəsə yumruq vurduğu üçün məhkəmə zalından çıxarılıb. Proses onun iştirakı olmadan davam etdirilib.

Ramin Hacılının vəkili Rəşad Əliyev prosesin təqsirləndirilən şəxssiz keçirilməsinə etiraz edən zaman hakim vəkilə də xəbərdarlıq edib.

Məhkəmədə ifadə verən digər şahid Pənah Hüseynli deyib ki, 2016-cı ilin yay aylarında Amerikaya təhsil vizası almaq üçün Ramin Hacılıya 800 dollar verib. Lakin sonradan gedə bilmədiyi üçün Ramin Hacılı həmin məbləği geri qaytarıb.

Növbəti proses iyunun 29-a təyin olunub.

Xatırladaq ki, istintaqla müəyyən edilib ki, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər. Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Sonradan Ramin Hacılının işi ayrıca icraata verilib.

.