Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması təkmilləşdirilir, bu prosesdə müəyyənlik və şəffaflıq artırılır.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əlavə edilməsi təklif edilən yeni - 1-1-ci fəsildə əksini tapıb.

Layihəyə əsasən, Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır.

Yoxlayıcı orqan bu Qanuna əsasən görülmüş işlər barədə yarımillik məlumatı ildə iki dəfə (yanvarın və iyulun 15-dək) yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.

Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə və buqanunda nəzərdə tutulmuş yarımillik məlumatları ümumiləşdirərək, ildə iki dəfə (fevralın və avqustun 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.

Eyni zamanda layihədə təlim planlarına dair müfəssəl müddəalar əlavə edilir. Eyni zamanda, layihədə illik planların məzmunu və hazırlanma (yerləşdirmə) müddətləri göstərilir. Hər iki maddə yoxlayıcı orqanların fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılmasına xidmət edir.

Həmçinin Layihədə nəzərdə tutulan əlavələrdə yoxlama suallarına dair tələblər, o cümlədən sualların konkret müəyyənləşdirilməsi, risk mütənasibliyi əsasında formalaşdırılması kimi məsələlər öz əksini tapır. Bu yanaşma yoxlama prosesində yoxlayıcılar tərəfindən sui-istifadə hallarının azaldılmasına xidmət edəcək. Belə ki, Yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələbləri əks etdirməli, risklərə əsaslanmalıdır. Yoxlama sualları aydın və birmənalı tərtib olunmalıdır. Sualların prioritetliyi onlara təyin olunmuş müxtəlif xüsusi çəki (bal) üzrə müəyyən edilməlidir. Hər bir yoxlama suallının siyahısının elə bir qiymətləndirmə sistemi olmalıdır ki, yoxlamadan sonra yoxlama obyektinin risk səviyyəsini müəyyənləşdirməyə imkan versin. Hər bir sual üçün fərqli xüsusi çəki (bal) risk dərəcəsinə mütənasib olmalıdır.

.