“Milli Məclisin beynəlxalq fəaliyyəti sessiya dövründə və sessiyadan sonra da davam etdirilib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Milli Məclisin beynəlxalq əlaqələri ilə bağlı ən böyük hadisə Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin Azərbaycana səfəri olub: “Artıq 3 dost və qardaş ölkənin yeni parlament əlaqələrinin əsası qoyulub. Mən əminəm ki, Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq qarşıdakı illərdə daha da genişlənəcək və dərinləşəcək. Bütün görüşlərdə 44 günlük Vətən müharibəsi ilə bağlı məlumatlar verilib. Azərbaycanın BMT Təhlükəsiz Şurasının qətnamələrini öz gücü ilə təmin etməsi barədə məlumatlar görüşdüyümüz rəsmi şəxslərin və nümayəndə heyətlərinin diqqətinə çatdırılıb. Bu gün də Ermənistanın müharibə cinayətlərinə rast gəlinməsi ilə bağlı AŞPA-da keçirilən görüşlərdə məlumat verdim. Hazırlanan hesabatın həqiqətləri əks etdirməsinin vacibliyini qeyd etdim. Avqustun 6-da İranda rəsmi səfərdə oldum. Səfər çərçivəsində keçirdiyimiz görüşlərdə Azərbaycanın öz torpaqlarını azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsini diqqətə çatdırdım. Görüşdə İran parlamentini Xocalı soyqırımını tanımağa çağırdım. Avstriyada işgüzar səfər çərçivəsində iştirak etdiyim konfransda Ermənistan Parlamentinin sədrinin əsassız iddialarına cavab verdim”.
 

.