Xırdalan şəhər 2 nömrəli məktəbə əlavə şagird qəbulu üçün valideynlərdən pul alınmasına dair yayılan məlumata aydınlıq gətirilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilir ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə artıq bir neçə ildir ki, şagird sıxlığı problemi mövcuddur.

"Belə ki, məktəb 1974-ci ildə istifadəyə verilib, 2004-cü ildə 300 yerlik əlavə korpus tikilib. Layihə üzrə 1600 şagird yerlik olan məktəbdə hazırda 6300 şagird 2 növbədə təhsil alır. Siniflərdəki şagird sıxlığının yaranma səbələrindən biri də Xırdalan şəhərində rus bölməsi üzrə dərslərin yalnız iki ümumtəhsil məktəbində keçirilməsidir. Növbəti illərdə adı çəkilən məktəbdə şagird sıxlığının tənzimlənməsi, sinif sayının optimallaşdırılması üçün Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən kompleks tədbirlər hazırlanıb həyata keçirilməkdədir. Şagird sayının tənzimlənməsi və sıxlığın aradan qaldırılması məqsədi ilə Xırdalan şəhərində növbəti məktəb tikintisinə başlanılıb. Abşeron-Xızı Regional Təhsil İdarəsinə sözügedən məktəbin valideynlərindən övladlarının məktəbə pul müqabilində götürülməsi ilə bağlı heç bir şikayət daxil olmayıb" - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkədə Xırdalan şəhər 2 saylı orta məktəbdə bir sinifdə 45 şagird olduğu barədə məlumat yayılıb. İddia edilib ki, elektron qeydiyyat prosesi başa çatdıqdan sonra digər şagirdlərin məktəbə qəbul edilməsi üçün hər valideyndən 1000 manat məbləğində pul alınıb.

.