Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Şaiq Hüseynin şikayəti üzrə apelyasiya şikayətinə baxılıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Camal Ramazanov sədrlik edib.
Prosesdə qərar elan olunub. Təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb, birinci instasiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Şaiq Hüseyn 2014-cü ilin aprel ayında həbs edilib. Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Şölə Səfərova hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi Xətai rayon şöbəsinin keçmiş icra məmuru Şaiq Hüseyn tərəfindən dələduzluq yolu ilə mənimsənildiyini bildirib.
Qadın bildirib ki, qardaşı bir müddət əvvəl həbs olunub. Qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədilə məhkəmə icraçısı işləyən ədliyyə kapitanı Şaiq Hüseynlə tanış olub. Ş.Hüseyn qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Lakin üstündən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq dediklərinə əməl etməyib.
Ş.Səfərova daha sonra pulu geri istəsə də buna nail ola bilməyib. Xatırladaq ki, Şaiq Hüseyn Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Şaiq Hüseyn keçmiş deputat, mərhum Şadman Hüseynin oğludur.
.