
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şaiq Hüseyin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Şaiq Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai rayon şöbəsinin keçmiş icra məmuru Hüseyn Şaiq Şadman oğlu 12 aprel, 2014-cü ildə həbs edilib. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. Ş.Hüseyn dələduzluqda ittiham olunur.
Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Səfərova Şölə Mirzəkişi qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun dələduzluq yolu ilə mənimsənildiyini bildirib. Qadın qeyd edib ki, qardaşı bir müddət əvvəl həbs olunub. Qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai rayon şöbəsində məhkəmə icraçısı işləyən ədliyyə kapitanı Hüseyn Şaiq Şadman oğlu ilə tanış olub.
Ş.Hüseyn qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Ş.Səfərova daha sonra pulu geri istəsə də buna nail ola bilməyib.
Şaiq Hüseyn keçmiş deputat, mərhum Şadman Hüseynin oğludur.