Azərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev Qazaxıstan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı respublika referendumunun monitorinqində iştirak edən MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər qrupunun koordinatoru təyin edilib.

Bu barədə bu gün MDB PA Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko müvafiq sərəncam imzalayıb.

Hazırda MDB PA-ya üzv dövlətlərin milli parlamentlərinin nümayəndələrindən, MDB PA Şurası Katibliyinin əməkdaşlarından və MDB PA-nın Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən ibarət monitorinq qrupu formalaşdırılır.

Xatırladaq ki, 2022-ci il mayın 5-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin qəbulu ilə bağlı iyunun 5-də respublika referendumunun keçirilməsi haqqında fərman imzalayıb. Dövlət başçısının sözlərinə görə, konstitusiya islahatı bütün dövlət modelinin kompleksli transformasiyasına yönəlib. Düzəlişlər “super-prezident” idarəetmə formasından nüfuzlu Parlament və hesabatlı Hökuməti olan prezident respublikasına keçidi nəzərdə tutub.

.