Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın dələduzluqda təqsirləndirilən vəkili Əfsər Talıbovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Talıbovun barəsində 2 il sınaq müddəti olmaqla şərti təyin edilib.

Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Prokuror cəzanən ağırlaşdırılmasını istəyir. Bakı Apellyasiya Məhkəməsində, hakim Əmir Bayramovun sədrliyi ilə işə fevralın 2-də baxılacaq.

Qeyd edək ki, vəkil Ə.Talıbov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, Mehman Səmədovun 22 min 900 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

İttiham aktına əsasən, Ə.Talıbov tanışı Xəyyam Hətəmova Yeni Yasamalda inşa edilən binada şəxsi mənzilinin olmasını, yalandan satmasını bildirib. O, daha sonra müştəri X.Hətəmovdan xahiş edib. X.Hətəmov ona M.Səmədovun mənzili almaq istədiyini deyib.

"Kamran” MTK-da hüquqi yardım göstərən Ə.Talıbov həmi MMC-nin təsisçisi Tofiq Babayevdən guya M.Sadıqova olan borcunun əvəzində müvəqqəti girov qoymaq adı ilə "Kamran” MMC-dən mənzil alınmasına dair müqavilə tərtib olunmasını istəyib. O, borcunu ödədikdən sonra müqaviləni geri qaytaracağını vəd edib. Lakin sonradan vəkil vədinə əməl etməyib.

Məhkəmə prosesi zamanı tərəflər arasında barışıq ərizəsi imzalanıb. Zərərçəkmiş məhkəməyə verdiyi ifadəsində Ə.Talıbova qarşı heç bir şikayəti və tələbi olmadığını deyib.

Məhkəmə istintaqı dövründə Ə.Talıbovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.

Məhkəmə istintaqı dövründə G.Əhmədovanın vəkili Ə.Talıbov olub.
.