Sabahdan, martın 20-dən Azərbaycanda Novruz bayramı ilə əlaqədar bir həftə (7 gün) qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Martın 23-ü və 24-ü şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Azərbaycanın Əmək Məcəlləsinə əsasən, martın 25-i və martın 26-sı da qeyri-iş günləri olacaq.

Beləliklə, Novruz Bayramı ilə əlaqədar 7 gün ardıcıl (martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-sı) qeyri-iş günləridir.

Azərbaycanda bayram tətilindən sonra növbəti iş günü martın 27-dir.

 

Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir.

Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, çuvaşların Naurus, Krım türklərinin Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu bayram Şimal yarımkürəsinin bir çox ölkələrində hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur.

Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və digər regionlarda qeyd edilir.

.