Çox dəyərli Fikrət Qoca! Biz görmüşük ki, insan ahıl yaşında kamilləşər, müdrikləşər. Ancaq sizin mənim AYB-dən istefa verməyimlə bağlı açıqlamanız bu fikrimi alt-üst elədi. Və sizə cavab vermək məcburiyyətində qaldım.

 

Axar.az xəbər verir ki, bu sözləri tanınmış şair Rüstəm Behrudi xalq şairi Fikrət Qocanın onun AYB-dən istefa verməsi haqda dediyi sözlərə cavab olaraq Feysbuk səhifəsində yazıb. Rüstəm Behrudi F.Qocanın məsələyə münasibətini sərt şəkildə tənqid edib:

 

"Yadınızdadırsa, 1996-cı ildə mərhum prezident Heydər Əliyevlə gənc yazarların görüşündə dünya təcrübəsinə əsaslanaraq demişdim ki, belə bir təşkilata ehtiyac yoxdur. Çünki dövlət təminatı altında olan istənilən yaradıcı təşkilat müstəqil ola bilməz! Mən yenə də o fikrimdə qalıram. Qaldı sizin açıqlamanıza... Açıqlamanız siz yaşda olan bir qələm adamının səviyyəsinə uyğun deyil. Mənim istefa verməyim də ad günü məsələsi yox, YB-nin mənə münasibətidir.

 

Siz yəqin o yazarların doğum günlərini təbrik eləyirsiniz ki, gəlib qapınızda boyun büksünlər və özlərini sizə xatırlatsınlar. Bu, çox ədəbsiz bir düşüncədir. Ağlı başında olan adam bu cür açıqlama verə bilməz! Açıqlamanızdan hiss elədim ki, siz həyatınızda bircə dəfə də özü ilə görüşməyən adamsınız. Belə olmasaydı, ən azından xatırlamalıydınız ki, o bir cür müğənniciklərin oxuduğu mahnıların əksəriyyətinin müəllifi sizsiniz.

 

Qaldı adını gündəmə gətirmək məsələsinə, əgər vicdanlı və məsuliyyətli bir ədəbiyyat adamı olsaydınız, bilərdiniz ki, 40 ildir ki, ömrünü-gününü hay-küy salmadan, vicdanla, ləyaqətlə ədəbiyyata həsr eləmiş, hələ gənc yaşlarında şeirləri türkdilli xalqlar arasında dillər əzbəri olan, kitabları xarici dillərə çevrilən bir şairin gündəmdə qalmaq problemi ola bilməz. Mən sizin açıqlamanızı qeyri-səmimi, həqiqətdən uzaq bir şey hesab eləyirəm. Çox hörmətli Fikrət Qoca! Azərbaycan ədəbiyyatı AYB-dən ibarət deyil. Böyük ədəbiyyatı təkbaşına olan adamlar yaradır”.

 

Xatırladaq ki, Rüstəm Behrudi ötən gün Yazıçılar Birliyinin ad günündə "quruca təbriklə” ona xatırlamamasını bildirərək, bu qurumda qalmağın mənasız olduğunu və istefa verdiyini açıqlamışdı. Xalq şairi Fikrət Qoca isə Aznyus.az-a açıqlamasında Rüstəm Behrudinin istefası ilə bağlı bu sözləri demişdi:

 

"Neyləyək? Ayrılır, ayrılsın da… Yazıçılar Birliyi bir cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz. Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. O, Birliyə ömrü boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik? Bəlkə Anar gedib soruşmalıdır ki, nə lazımdır? Gəldiyi kimi də gedir. İşi uğurlu olsun. Bəlkə başqa qurum tapıb, gedib ora üzv olacaq?!”

 

AYB sədri Anar isə Rüstəm Behrudini çox istedadlı, "əsl şair” adlandıraraq, verdiyi qərarın tələsik olduğunu bildirmiş və onun ad gününün qeyd olunmamasının səbəbini işçilərin əksəriyyətinin məzuniyyətdə olması, AYB-nin binasında təmir işlərinin getməsi ilə əlaqələndirmişdi. Anar təmir bitdikdən sonra R.Behrudinin ad gününün AYB-də qeyd ediləcəyini də demişdi.

.