“Bütün SSRİ-də yeganə məşhur çörək muzeyi Ağdamda olub, ondan yalnız bu qalıqlar qalıb. Biz dağıdılmış xəstəxana, doğum evi, mədəniyyət evi, teatrı gördük, bu, dəhşətlidir”.

Bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib.

O qeyd edib ki, bu, nifrətin izləridir: “Mən bu qədər dəhşətli kadrları görəcəyimi gözləmirdim. Bu, məni dərindən sarsıtdı. İşğalçılar 30 il ərzində bu torpaqların onların əraziləri olduğunu bəyan ediblər. Əgər buranı öz əraziləri sayırdılarsa, nə üçün hər şeyi dağıdıb, faktiki məhv ediblər? Bura baxanda nüvə silahının partlaması təəssüratı yaranır. Dağıdılmış qəbirlər… Burada gördüklərimiz barədə sakit danışmaq ağırdır. Mən əminəm ki, illər keçəcək, burada yeni, müasir şəhər olacaq, işğalçılar bu torpaqları işğal edərkən buranı tərk etmiş sakinlər geri qayıdacaq. Burada uşaqlar dünyaya göz açaraq böyüyəcək, yeni küçələrdə uşaqların gülüşləri eşidiləcək”.

.