Sankt-Peterburqda süd vəzisi xərçənginin müalicəsi üçün innovativ dərmanın, Rusiyada geni dəyişdirilmiş onkolitik virusa əsaslanan ilk antişiş preparatının klinik sınaqlarına başlanılıb.

Dərman preparatı Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Kimyəvi Biologiya və Fundamental Tibb İnstitutu, Rospotrebnadzorun “Vektor” Mərkəzi tərəfindən Onkostar MMC ilə tərəfdaşlıq çərçivəsində hazırlanıb. Kliniki sınaqlar Sankt-Peterburqun N. N. Petrov adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzində aparılır.

"Mayın ortalarında dərman birinci xəstəyə vurulub. O, daimi həkim nəzarətindədir, özünü yaxşı hiss edir, heç bir əlavə təsir aşkar edilməyib. Hazırda ikinci xəstə eksperimentə cəlb olunur. Klinik sınaqların birinci mərhələsinin təxminən iki il çəkəcəyini təxmin edirik. Bu, dərmanın tamamilə yeni, öz sinfində birinci olması ilə əlaqədardır", - deyə İnstititun biotexnologiya laboratoriyasının rəhbəri Vladimir Rixter bildirib.

Elmi institutdan o da bildirilib ki, dərman preparatı süd vəzisi xərçənginin müalicəsi üçün nəzərdə tutulub. Onun əsasını inaktivləşdirilmiş rekombinant vaksin virusu VV-GMCSF-Lact təşkil edir. Eyni zamanda, dünyada ilk dəfə olaraq xərçəng hüceyrələrinin zülal öldürücü maddəsini sintez edən gen antişiş preparatına daxil edilib. Kliniki sınaqların birinci mərhələsinin məqsədi preparatın təhlükəsizliyini, dözümlülüyünü və farmakokinetik parametrlərini qiymətləndirməkdir. Tədqiqatda iştirak etmək istəyənlər N.N. Petrov adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin internet saytında anket doldura bilərlər.

.