Rusiyada elmə indiyədək məlum olmayan yeni mineral aşkar edilib. Bildirilir ki, onun dəyəri qızılın qiymətini üstələyir.
Bu barədə "RİA Novosti" Rusiyanın Elm və Ali Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, yeni mineral Xibin dağ massivində yerləşən Kirov mədənində aşkar olunub və ona "Kola aşkroftini" adı verilib. Mineralın tərkibində nadir torpaq elementi hesab olunan itrium mövcuddur.
Nazirliyin açıqlamasında qeyd olunub ki, bu tapıntı təkcə maraqlı mineral nümunəsi deyil, həm də Yer qabığının kimyəvi tərkibini öyrənmək baxımından mühüm elmi əhəmiyyət daşıyır.
"Məhz bu səbəbdən tapıntı sadəcə cəlbedici bir daş deyil, Yer qabığının əsl kimyəvi arxividir. Bir kristalın daxilində itrium, silisium, kalium və natrium kimi elementlər cəmləşib", - deyə açıqlamada bildirilir.
Qeyd olunub ki, mineralın səth örtüyü nəzərə alınmaqla orta dəyəri hər millimetr üçün 145 dollar təşkil edir. Bu göstərici qızılın dəyərindən əhəmiyyətli dərəcədə yüksək hesab olunur.
Mütəxəssislərin sözlərinə görə, kəşf edilən kristalın quruluşu indiyədək elmə məlum olan ən mürəkkəb strukturlardan biridir.
.
