Rusiyada “WhatsApp”ın bloklanmasına səbəb prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Kirill Dmitriyevlə danışıqlarının sızması olub.
Bu barədə Rusiya Dövlət Dumasının İT Komitəsi sədrinin birinci müavini Anton Qorelkin özünün “Telegram” kanalında yazıb.
Bildirib ki, onda olan məlumata görə, diplomatik danışıqların sızması ilə bağlı fakt “WhatsApp”a qarşı ekstremal tədbirlərin sürətlənməsi üçün əlavə bir tətikləyici olub: "Belə nəticə çıxarılıb ki, messencerin sahibləri nəyinki onun qanunsuz istifadəsinə göz yumurlar, həm də özləri bunda fəal iştirak edirlər".
Qeyd edək ki, 25 noyabrda “Bloomberg“ Putinin köməkçisi Uşakovun, Uitkoffun və Dmitriyevin söhbətlərinin stenoqramını dərc edib. Növbəti gün Uşakov ABŞ nümayəndələri ilə bəzi danışıqları “WhatsApp”da apardığını bildirib.
28 noyabr cümə günü Roskomnadzor "qanun pozuntularına görə" “WhatsApp”a məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb və "milli xidmətlərə" keçməyi təklif edib. Qurumdan bildirilib ki, tələblər yerinə yetirilməsə, messencer Rusiyada tamamilə bloklanacaq.
Xatırladaq ki, Rusiya ərazisində “WatsApp”ın fəaliyyətində bir neçə gündür fasilələr müşahidə olunur, istifadəçilər yazışma və səsli fayl göndərməklə bağlı problemlərin yaranmasından şikayətlənirlər. Messencer vasitəsi ilə zəngləşmə bu ilin avqust ayında bloklansa da, yazışma və səsli mesajlara məhdudiyyət qoyulmamışdı.
.
