"Qarabağla bağlı məsələ bağlanıb. Bu mövzu sentyabr ayında hərbi əməliyyatla bağlanıb".

Bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdakimov "İzvestiya"ya müsaibəsində bildirib.

Onun sözlərinə görə, Moskva tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlara maksimum dəstək verməyə hazırdır:

"Bəli. Qarabağla bağlı məsələ bağlanıb. Bütün bu illər ərzində Rusiya Qarabağ probleminin sülh yolu ilə həllinə səy göstərib, təəssüf ki, alınmayıb. Bu mövzu sentyabr ayında hərbi əməliyyatla bağlandı. Rusiya nizamlanmada həmişə çox mühüm rol oynayır. Rusiya tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlara maksimum dəstək verməyə hazırdır"

Diplomat vurğulayıb ki, hazırda Ermənistanla Azərbaycan bilavasitə sülh müqavilələri layihələri mübadiləsi aparırlar:

"Azərbaycan tərəfinin təklif etdiyi, mənim fikrimcə, tamamilə əsaslandırılmış, bir qayda olaraq, tərəflər arasında sülh müqavilələrində mövcud olan standart müddəa və maddələrdir. Prinsipcə, Bakının irəli sürdüyü təkliflərə əsaslanaraq, mənə elə gəlir ki, bu danışıqlar kifayət qədər tez başa çatdırıla bilər. Biz Moskva meydançasını təqdim etməyə, lazım gələrsə, öz ekspertizamızı, mətnlə bağlı məsləhətlərimizi verməyə hazırıq. Burada bizim azərbaycanlı həmkarlarımızla çox yaxşı qarşılıqlı əlaqəmiz qurulub".

Rusiya səfiri rəsmi Bakının sülh müqaviləsi ilə bağlı danışıqlatı çox tez başa çatdırmaq niyyətində olduğunu da söyləyib:

“Görürəm ki, Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqları çox tez başa çatdırmaq əzmindədir. Amma bildiyimiz kimi, danışıqları başa çatdırmaq üçün hər iki tərəfin belə bir istəyi olmalıdır".

Səfir: Ermənistan Naxçıvana dəhlizlə bağlı danışıqları gecikdirir

Ermənistan Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizinin açılmasını gecikdirir.

Bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdakimov "İzvestiya"ya müsaibəsində bildirib.

Onun sözlərinə görə, bu mövzu Azərbaycan tərəfi üçün çox önəmlidir:

"Bu, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında sabit nəqliyyat marşrutunun, nəqliyyat yollarının olmasıdır. Birinci Qarabağ müharibəsi zamanı bütün kommunikasiyalar kəsilib, Naxçıvana elektrik enerjisi verilişi dayandırlıb. Ona görə də Azərbaycan üçün marşrutun təhlükəsizliyi (bu, təqribən 46 km-dir) mücərrəd mövzu deyil.

Bu marşrut boyunca tunellər və məncə körpü də var. Rusiya Federasiyası öz hesabına bu marşrutu kifayət qədər tez bərpa etməyə hazır idi. Mənə o qədər də aydın olmayan müxtəlif səbəblərdən erməni tərəfi danışıqları gecikdirir.

Bunun nəticəsidir ki, ötən il Bakı ilə Tehran arasında İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair saziş imzalanıb. Orada marşrutun uzunluğu biraz çoxdur - 60 kilometrdən biraz çox. Bu marşrut daha çətindir, amma bu iş gedir. Bütün bu illər ərzində Azərbaycanla Naxçıvan arasında avtomobil yolu ilə yük daşımaları İran ərazisindən keçirib. Üstəlik bu, Türkiyəyə gedən yoldur. İndi əsas odur ki, Türkiyədən Naxçıvana dəmir yolları çəkilsin. Müvafiq olaraq, Azərbaycan, İran və Naxçıvan vasitəsilə Rusiyadan Türkiyəyə yük daşıya biləcəyik", - deyə rusiyalı diplomat vurğulayıb.

Rusiya sülhməramlıları ilə bağlı Bakı-Moskva danışıqları keçiriləcək

Rusiya sülhməramlı kontingenti ilə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır.

Bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdakimov "İzvestiya"ya müsaibəsində bildirib.

Səfir bu mövzunun çox önəmli olduğunu söyləyib:

"Antiterror əməliyyatı başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul həyata keçirir, binaları və mədəni obyektləri qoruyur".

Yevdakimov danışıqların növbəti raundunun tarixlərinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılırdığını söyləyib.

Rusiyalı diplomat Azərbaycanın Qarabağ regionunda sülhməramlı kontingentin qalma müddətinin 2025-ci ildə başa çatdığını xatırladıb.

.