Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Modern.az saytına eksklüziv açıqlama verib.
Deputat saytımıza bildirib ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin girovlarla bağlı bu ölkənin Ermənistandakı səfiri İvan Volınkinlə danışığı olub. Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin isə ölkəsinin Azərbaycandakı səfirinə kəlbəcərli girovların məsələsilə maraqlandıqlarını və onların azad olunmasına vasitəçi olmağa çalışdıqlarını deyib.
Bu haqda Azərbaycan Milli Məclisinin deputatına Rusiyanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan Dilqəm Əsgərov Rusiya vətəndaşıdır, Şahbaz Quliyevin həyat yoldaşı isə milliyətcə rusdur. Onların azad edilməsi üşün indiyədək bir neçə dəfə Azərbaycandan Rusiya tərəfinə müraciət ünvanlanıb.
Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş bölgəsinə - öz doğma torpaqlarına səfər edərkən Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Onlarla birgə getmiş digər azərbaycanlı Həsən Həsənov isə qətlə yetirildikdən sonra meyiti Azərbaycana qaytarılıb.
Oktyabrın 27-dən başlayaraq işğal altındakı Xankəndi şəhərində azərbaycanlı girovlara qondarma məhkəmə qurulub. Ermənilər onlar diversant olmaqda günahlandırırlar. Girovların "məhkəməsi” dekabrın 19-da davam etdiriləcək.
.