“Azərbaycanın Qarabağ regionundakı Rusiya sülhməramlılarının formatı dəyişə bilər. Ola bilsin ki, Rusiya Qarabağda müşahidə missiyası formatında fəaliyyətini davam etdirsin”.
Bunu Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.
“Qarabağ münaqişəsinin bitməsindən sonra Cənubi Qafqazın inkişafı” adlı rusiyalı və azərbaycanlı ekspertlərin iştirakı ilə keçirilən onlayn formatda dəyirmi masada çıxış edən Korotçenko Azərbaycanın hərbi qələbəsinin regionda yeni geosiyasi reallıq yaratdığını qeyd edib: “Cənubi Qafqazda son üç ildə baş verən hadisələrin, 27 sentyabr 2020-ci il İkinci Qarabağ müharibəsinin və 19-20 sentyabr Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri keçirməsinin yekununda regionda yeni geosiyasi reallıq yaranıb. Bu reallıq ondan ibarətdir ki, Azərbaycan “de-fakto” və “de-yure” öz ərazi bütövlüyünü bərpa edib. Bu reallıq həqiqətən də regionun gələcək inkişafı baxımından yeni anlayış tələb edir. Burada söhbət regiondakı hadisələrin bundan sonra necə cərəyan edəcəyindən, əsas tərəflərin maraqlarının nədən ibarət olacağından və Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrə dair gələcək formatların necə ola biləcəyindən gedir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Azərbaycanın bütün fəaliyyəti beynəlxalq hüquqa uyğun olub. Ona görə də, hazırkı vaxtda bu və ya digər ölkələrin, güc mərkəzlərinin Azərbaycana təzyiq etmək, onun həyata keçirdiyi tədbirlərin legitimliyini şübhə altına almaq cəhdləri tamamilə qanunsuzdur. Biz görürük ki, heç də bütün ölkələr və güc mərkəzləri regionda baş verən dəyişiklərə sevinmir. Biz rəsmi İrəvanın olduqca ziddiyyətli və ikiüzlü mövqeyini müşahidə edirik, hansı ki, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə xarici oyunçuları təsir qüvvəsi kimi regiona cəlb etməyə cəhd edir. Destruktiv mövqeli ölkə kimi Fransanı görürük, hansı ki, sadəcə Ermənistanı dəstəkləməklə kifayətlənmir, Cənubi Qafqazda sülh prosesini tormozlamağa səy göstərir”.
O qeyd edib ki, bu fonda Rusiya regionda sakit, ölçülü və əmin mövqe sərgiləyir.
“Müəyyən qüvvələrin Moskva ilə Bakının arasını vurmaq cəhdlərinə baxmayaraq, bu cəhdlər uğursuzluğa düçar oldu”, - Korotçenko vurğulayıb.
.