Mən Qarabağda erməni işğalçıları tərəfindən təhqir edilmiş məscidləri və müsəlmanların müqəddəs yerlərini öz gözlərimlə gördüm, İslam dünyası onların bərpasında iştirak etməyə hazırdır.

Bunu Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Ravil Qaynutdin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüşündə bildirib.

"Biz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarının azad edilməsi uğrunda ədalətli mübarizəsində onu ilk dəstəkləyənlərdən idik. Biz Azərbaycanın qələbəsinə sevindik, işğal olunmuş ərazilərin azad edilməsindən sonra ilk olaraq biz təbrik göndərdik. Bu, həm Azərbaycan Prezidenti, həm də Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilib", - R.Qaynutdin bildirib.

Müfti Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə dərin minnətdarlığını bildirib və onu böyük qardaşı hesab etdiyini vurğulayıb.

“Mən Şeyxülislam Allahşükür Paşazadəyə erməni işğalından azad edilmiş Qarabağ torpaqlarını ziyarət etmək dəvətinə görə səmimi qəlbdən təşəkkür edirəm. Şuşa şəhərinin bərpa olunmuş məscidində namaz qılmaq mənim üçün xüsusi şərəf idi. Azərbaycan Prezidenti İlham Əliyevin çıxış etdiyi məsciddə Uca Allah mənə də namaz qılmaq imkanı verdi. Bu məscid möhtəşəm, saf, müqəddəsdir və orada İslam tarixinin ruhu hiss olunur”.
Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Qarabağda İslam irsinin bərpasının bütün İslam dünyası tərəfindən dəstəkləndiyini söyləyib: “İslam dünyası məscidlərin bərpasında Azərbaycana kömək etməyə hazırdır. Biz Rusiya müsəlmanları da bu xeyirxah işə qoşulacağıq. Bizim milyonlarla müsəlmana müraciət etmək, səylərimizi birləşdirmək və toplanan vəsaiti Qarabağdakı ziyarətgahların bərpasına yönəltmək imkanımız var”.

.