Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Aralıq dənizi üzərində Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən vurulub.
TASS verdiyi xəbərə görə, bunu təsdiqləyən Rusiya Müdafiə Nazirliyinin təmsilçisi İqor Konaşenkovun sözlərinə görə, həmin vaxt İsrailə məxsus dörd "F-16" qırıcı təyyarəsi Latakiya şəhəri yaxınlığındakı sənaye müəssisələrinə zərbə endirərək yaxınlıqdakı gəmi və təyyarələr üçün təhlükə yaranmasına səbəb olub.
Latakiyaya hava zərbəsi barədə cəmi bir dəqiqə əvvəl məlumatlandırıldıqlarını qeyd edən İ.Konaşenko vurulan təyyarənin israilli pilotlar tərəfindən əvvəlcədən "görülməməsi mümkün olmadığını” vurğulayaraq, hadisəni "şüurlu şəkildə törədilən təxribat” kimi səciyyələndirib.
O deyib ki, Rusiya İsrailin bu təxribatını düşmən hərəkəti kimi qiymətləndirir və uyğun cavab tədbirlər görmək hüququnu özündə saxlayır.
****
Suriyada Rusiyaya məxsus İl-20 hərbi təyyarəsi vurulub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, təyyarəni Suriyanın S-200 hava hücumundan müdafiə sisteminin raketləri vurub. Təyyarədə 15 hərbçi olub. Onların həlak olduğu deyilir.
Qeyd olunur ki, gecə saatlarında təyyarə radarlardan itib. Daha sonra məlum olub ki, İsrailin F-16 qırıcılarının manevrləri nəticəsində Suriya raketləri Rusiya təyyarəsini vurub.
.
