Rusiya Fransa Prezidenti Emmanuel Makronun BRICS sammitində (Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika) iştirakını uyğunsuz hesab edir.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Biz siqnal göndərdik ki, ev sahibi ölkənin preroqativlərinə hörmətlə yanaşı, müəyyən qonaqların dəvət edilməsi BRICS-in xarici siyasətlə bağlı problemlərin həlli metodu kimi prinsipcə birtərəfli sanksiyaları rədd edən dövlətlərin birliyi olması faktına əsaslanmalıdır. Aydındır ki, bunu nəzərə alsaq, kollektiv Qərb nümayəndələrinin orada görünməsinin qeyri-adekvatlığı, sadəcə olaraq, göz qabağındadır”, - nazir müavini bildirib.

Qeyd edək ki, hazırda BRICS-ə Cənubi Afrika sədrlik edir. Təşkilatın sammitinin avqustun 22-24-də Yohannesburqda keçirilməsi planlaşdırılır.

Fransa mətbuatı yazır ki, Prezident Emmanuel Makron Cənubi afrikalı həmkarından onun sammitə dəvət olunmasını xahiş edib.

.