Moskva Vaşinqtonla yenilənmiş dialoqun dalana dirəndiyinə inanmır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Kreml hesab etmir ki, Vaşinqtonla yenilənmiş dialoq dalana dirənib.
O, Rusiyanın "Burevestnik" və "Poseydon" sınaqlarının və ABŞ-nin nüvə silahı sınaqlarını bərpa etmək planlarının dialoqun dalanına dirəndiyinə dəlalət edib-etmədiyi sualına "Xeyr, bu belə deyil" cavabını verib.
Kremlin rəsmi nümayəndəsi Rusiya və ABŞ yeni silahlanma yarışına girmədiklərini də söyləyib.
O, bununla belə, Rusiya və ABŞ-nin hələ ki nüvə tərksilahı ilə bağlı ekspert danışıqları aparmadıqlarını, lakin bu mövzunun gündəmdə olduğunu söyləyib: "Bu cür ekspert danışıqlarına ehtiyac təmaslar zamanı dəfələrlə qeyd olunub. Bu, çox mürəkkəb bir mövzudur və bu mövzu ilə bağlı danışıqlar həmişə uzanır. Lakin həmin ətraflı ekspert danışıqları hələ başlamayıb".
Peskov ABŞ-nin Rusiyaya START Müqaviləsi ilə bağlı təkliflərlə müraciət etmədiyini də vurğulayıb: "İndiyə qədər Vaşinqtondan heç bir əsaslı təklif olmayıb. Haqqında danışılacaq heç bir irəliləyiş yoxdur".
Kreml sözçüsü Rusiyanın nüvə enerjisi ilə işləyən “Burevestnik” raket sınaqlarının dünyada nüvə silahlarının sınaqlarının məhdudlaşdırıması qaydalarına aid olmadığını açıqlayıb: "Əgər ABŞ Prezidenti Donald Tramp Burevestnik sınağını müəyyən bir ölkə tərəfindən aparılan nüvə sınağı kimi bir şəkildə ifadə edərsə, bu, heç bir şəkildə nüvə sınağı deyil. Bütün ölkələr müdafiə sistemlərini inkişaf etdirir, amma bu, nüvə sınağı deyil."
Peskov vurğulayıb ki, əgər hər hansı bir ölkə nüvə sınaqlarına qoyulan moratoriumdan imtina edərsə, Rusiya buna uyğun hərəkət edəcək.
O əlavə edib ki, Rusiya Poseydon və Burevestnik sınaqları haqqında məlumatın Trampa düzgün çatdırılacağına ümid edir: "O mənada ki, bu, heç bir şəkildə nüvə sınağı kimi şərh edilə bilməz."
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etməyi tapşırdığını açıqlayıb. ABŞ administrasiyasının rəhbəri hansı sınaqlardan söhbət getdiyini və ya bunun nüvə başlıqlarının partladılmasını əhatə edib-etmədiyini dəqiqləşdirməyib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Ukrayna müharibəsində yaralanan hərbçilərlə görüşdə Rusiyanın ən qabaqcıl qitələrarası ballistik raket olan “Sarmat”dan daha güclü olan “Poseydon pilotsuz sualtı aparatını nüvə elektrik stansiyası ilə uğurla sınaqdan keçirdiyini açıqlayıb.
.
