Rusiya müdafiə naziri Sergey Şoyqu Dövlət Dumasının deputatları qarşısında çıxış edərək Rusiyada informasiya əməliyyatları qoşunlarının yaradıldığını bəyan edib.

Sergey Şoyqu yeni qurulan hərbi təşkilatın fəaliyyətinə olduqca yüksək qiymət verib.

Şoyqunun sözlərinə görə, informasiya və kibertəbliğat ağıllı, savadlı və effektiv həyata keçirilməlidir.

"Bu gün bir çox təhdidlər kibersahə deyilən məkanlara keçib və bu gün informasiya mübarizəsi ümumi rəqabətin tərkib hissəsidir. Bundan irəli gələrək Rusiyada bu işlə məşğul olan strukturların yaradılması zərurətə çevrilib”, - Dövlət Dumasının müdafiə komissiyasının sədri Vladimir Şamanov bəyan edib.

Şamanovun sözlərinə görə, informasiya əməliyyatları qoşunları milli müdafiə və informasiya sahəsində maraqların müdafiəsi üçün yaradılıb.

Rusiya Silahlı Qüvvələri baş qərargahının keçmiş rəisi (2004-2008) Yuri Baluyevskinin dediyinə görə, müasir dünyada informasiya mübarizəsində əldə olunan qalibiyyət silahların tətbiq olunduğu klassik müharibədəki qələbədən daha önəmlidir.

"Rusiya informasiya əməliyyatlarının köməyi ilə xarici ölkələrin rəhbərliyinə, əhalisinə və elitar təbəqələrinə dünyadakı situasiya haqqında öz həqiqətini effektiv şəkildə çatdırmalı və Qərbi müdafiə vəziyyətinə keçməyə məcbur etmlidir”, - Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsinin keçmiş rəisi, general-polkovnik Leonid İvaşov qeyd edib.

Rusiyanın güc strukturlarında kibernetik hissələrin yaradılması mövzusu artıq neçə illərdir ki gedir. 2012-ci ilin martında baş nazirin müavini Dmitri Roqozin Rusiya ordusunda bənzər qurumun yaradılmasının vacib olduğunu bildirmişdi.

2013-cü ildə Müdafiə Nazirliyi informasiya texnologiyaları sahəsində hərbi mütəxəssislərin təlim keçdiyi elmi bölük yaradılıb.

.