Kareliyada, Oneqa gölündə Rusiya FHN-in itmiş Mi-8 helikopterinin qəzaya uğradığı yer aşkarlanıb.

Bu barədə Rusiya FHN məlumat yayıb.

"Mi-8 helikopterinin qalıqları sahildən 11 km aralıda tapılıb. Tapıntının olduğu yerdə gölün dərinliyi 40-50 m arasında dəyişir", - idarənin açıqlamasında bildirilir.

Fövqəladə vəziyyətin araşdırılması üçün operativ qərargah və komissiya yaradılıb. Xilasedicilər aerokirşələrlə gölün ətrafını tədqiq ediblər.

İşə 33 texnika və 140-dan çox adam cəlb olunub. Onların arasında Rusiya Fövqəladə Hallar Nazirliyinin “Lider” xüsusi riskli xilasetmə əməliyyatları mərkəzinin 60 m-ə qədər dərinliyə enmək lisenziyası olan dalğıclar da var. Sualtı işlərdə onlar 300 m-ə qədər dərinliyə dala bilən “Falcon” uzaqdan idarə olunan cihazdan istifadə edirlər.

.