Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub.
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi APA-ya bildirib ki, görüşün bu il noyabrın 1-də Tehranda keçirilməsi gözlənilir.
M. Nəcəfi bildirib ki, görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.
Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur.
"Rusiya prezidenti Vladimir Putinin İrana səfəri noyabrın 1-nə hazırlanır".
TASS xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Daha əvvəl V.Putinin ilin sonunadək "Azərbaycan-İran-Rusiya" formatında prezidentlərin üçtərəfli görüşündə iştirak etmək üçün İrana səfər edəcəyi bildirilmişdi.
Qeyd edək ki, ilk üçtərəfli sammit ötən ilin avqust ayında Bakıda keçirilib. O zaman İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin birgə iqtisadi layihələri və regional təhlükəsizlik məsələlərini, o cümlədən "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsini müzakirə edib.
