"Aprelin 28-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın işgüzar görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi davam edib. 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb”.

Bu barədə nazirlərin üçtərəfli görüşünün yekunları ilə bağlı bəyanatda bildirilir.
Qeyd olunur ki, Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri münaqişənin sülh yolu ilə həllinə kömək səylərinə görə Rusiya XİN rəhbərinə təşəkkür ediblər: "Nazirlər bütün müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar. Üçtərəfli danışıqların yekunları əsasında onların ATƏT-in Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşü olub. Görüşdə münaqişənin həlli məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb”.

"Moskvada aparılan üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək".
Bunu Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünü şərh edən Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Aprelin 28-də Moskvada Rusiyanın xarici işlər naziri Serqey Lavrovun təşəbbüsü və dəvəti əsasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirinin üçtərəfli görüşü keçirilib. Görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilən görüşlər əsnasında prezidentlər səviyyəsində aparılan substantiv danışıqlar ətraflı müzakirə edilib", - Azərbaycan XİN-in rəsmisi vurğulayıb.


.