Ruandanın milli təhlükəsizlik xidmətinin rəhbəri Karenzi Kareke Londonda həbs edilib.
Virtualaz.org saytı BBC-yə istinadən xəbər verir ki, bu Afrika ölkəsinin yüksək vəzifəli dövlət rəsmisi hərbi cinayətlərdə ittiham olunur. Onun həbsi iyunun 20-də həyata keçirilib. 54 yaşlı Karake Vestminster məhkəməsinə çıxarılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Onun Hitrou aeroportunda həbs edildiyi bildirilir. Ruanda milli təhlükəsizlik xidməti rəhbərinin Londona nə üçün getdiyi açıqlanmır. Onun İspaniya məhkəməsinin 2008-ci ildə irəli sürdüyü ittiham əsasında həbs edildiyi bildirilir.
Karake 1994-cü ildə Ruandada kütləvi qətllərə və soyqırıma əmr verməkdə günahlandırılır. Ruanda soyqırımında 900 mindən çox insan öldürülüb. Onlar əsasən tutsi qəbiləsinin üzvləridir.

.