Əməkdar artist, Azərbaycan caz musiqisinin sevilən ifaçısı Cavan Zeynallı AzNews.az-a müsahibə verib. Yenizaman.az müsahibəni öz səhifəsində tirajlandırır.

-Cavan müəllim, bu mövsümdə yaradıcılığınızda nə yeniliklər var?

-Yaradıcılığım başdan aşır. Yeni mahnılar yazdırmışam. Hazırda onların üzərində işləyirəm. Görüləsi işlər çoxdur. Caz festivalı keçirildi. Mən həmin festivalda münsiflər heyətində təmsil olundum. Sözün düzü, məni belə müsabiqələrin münsiflər heyətində təmsil olunmağa çox dəvət ediblər, amma getməmişəm. Son vaxtlar isə özümə söz verdim ki, hara dəvət etsələr gedəcəm. 

- Getməməyinizin səbəbi nə olub?

-Həmin münsiflər heyətində iki-üç şəxs vardı, onlar məni qane etmirdi. Ona görə də, getmirdim. Çünki mənim səviyyəm çox yüksəkdir. İndi mən deyilənlərə fikir vermirəm, kim çağırır gedirəm, sözümü də deyirəm. Sən demə, belə lazım imiş, heç kəsə fikir verməmək və sözünü danışmamaq. Çox xoşbəxt insanam, mən heç vaxt peşmanlıq hissi çəkməmişəm. Nə edirəmsə, düz edirəm və bunu zaman da təsdiq edir. Çünki məndə Allahın ən böyük vergisi olan ağıl var. Allah ağılı hər kəsə vermir. Mən axşamlar çox işləyirəm. Ona görə də çox yerə gedə, o yana-bu yana qaça bilmirəm. Bəzi adamlar var,ora-bura qaçmağın xəstəsidirlər. Sonda baxırsan ki, onlar küçədə qalır. 

-Uzun zamandır ki, solo səhnədə yoxsunuz, konsert vermək fikiriniz var?

-Mənim üçün konsert vacib deyil. Buna ehtiyac da görmürəm. Televizorlara çıxıb yeni mahnılarımı oxuyuram. Neynirəm o konserti ki, orada məni 1000 adam alqışlayacaq. Konsert heç kimə pul gərtirmir.

-Sənət adamları bir-birinin ardınca 3 gün konsert proqramı ilə çıxış edirlər. Bununla bağlı nə deyə bilərsiniz?

-Sadəcə onlar başa düşünmür ki, konsert lazımsız bir şeydir. Konsert keçirəndə mütləq sponsor tapmalısan. Bu da hardasa 8-9 min pul deməkdir. Niyə görə,axı? İndi qızların sponsoru var. Kişilərin isə sponsoru yoxdur. Bütün xalq televizorda mənə baxır, konsertdə isə səni 2 min adam dinləyir.

-Müğənnilər Vergilər Nazirliyindən giley-güzar edir. Deyirlər ki, nazirlik işləməyə imkan vermir, məhz buna görə çoxları toylara getməmək qərarını verib.

-Bu günün reallığıdır. Toya gedənlər gərək öz cəriməsini odəsin. Müğənnilər o yana-bu yana qaçır, elə bilirlər ki, bilən yoxdu. Bu düzgün deyil, nə alırsansa onun faizini ödəməlisən. Bu gün hamı bilir ki, kim hara gedir. Toy məkanlarında adamlar var telefonla məlumat verirlər. Əvvəl isə kimin hara və neçəyə getməsindən kimsə xəbardar olmazdı. Pul gələndə adam istəmir ki, onu kiməsə versin, istəyir özünə qalsın, bu xəstəlikdir. İndi toylar azalıb, vəziyyət pisləşib. Neftin qiyməti düşən kimi toylar öldü, ona görə hamı ağlayır. Onlar çoxlu pul qazanmağa öyrəşib. O vaxtlar müğənnilərə böyük pullar verirdilər, indi bu yoxdur. Özlərini ulduz sayanlar bilmirlər ki, neyləsin. Məhərrəmlik ayı bitəcək, hamının işsiz qalması ortada olacaq. Mən nadir vaxtlarda toya gedirəm. Onda da qonaq kimi, pulsuz. Dostluq pulla ölçülmür. Kim nə versə, onu da alırdım. Ömrümdə kiməsə qiymət oxumamışam.

-Azərbaycanda caz musiqisinə maraq necədir?

-Bütün dünyada olduğu kimi Azərbaycanda da caza maraq artır. Adamlar bilir ki, caz yüksək səviyyədə olan bir musiqidir. Ondan hər adam baş çıxar. İnsanların böyük hissəsi ara mahnılarına meyil edir. Amma baxırlar ki, bu mahnılar sevilmir. Buna görə də caz qayıtmağa başlayır. Caz həyatdır. Ömrüm boyu buna ümid etmişəm, səbrsizliklə gözləmişəm. Vaxt vardı, Azərbaycanda cazı dinləyən yox idi. Bu mənə təsir edirdi.

-Röya xanım həyatda olduğu kimi yaradıcılıqda da sizə dəstək olubmu?

-Röyasız bir günüm olmasın. O, mənim yoldaşımdır. Bir-birimizə yüksək diqqətlə baxırıq, hörmət edirik. Hərdən olur ki, insan nədənsə bezir, amma biz Röya xanımla heç darıxmadıq. Məsləhətlə yaşayırıq. Özü də ağıllı məsləhətlə. Röya xanımdan yoxdur, birdənədir. Bir-birimizi sevmişik. Sevgi olan yerdə həyat və xoşbəxtlik var. 

.