Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Media Reyestrinin Aparılması Qaydaları”nda əksini tapıb.

Qeyd olunub ki, bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur.

Həmçinin, Reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü müddətində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə elektron kabinet vasitəsilə Agentliyə təqdim olunur və aparılmış dəyişikliklərin yenidən Reyestrə daxil edilməsi bu Qaydaların müddəaları nəzərə alınmaqla həyata keçirilir.

Reyestrə daxil edilmiş media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə və vəsiqə verilir.

Şəhadətnamə Reyestrdə müvafiq qeydin edildiyi tarixdən müddətsiz olaraq, vəsiqə isə 3 il müddətinə verilir.

Şəhadətnamə və vəsiqələrə rəqəmlərin və hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi verilir.

Vəsiqə Reyestrə daxil edilmiş jurnalistin müraciəti əsasında 3 iş günü müddətində kağız daşıyıcıda ona təqdim olunur.

Vəsiqədəki məlumatlar dəyişdikdə, məlumatların səhv olduğu aşkar edildikdə, vəsiqə yararsız hala düşdükdə və ya itirildikdə onun sahibinin müraciəti əsasında 3 iş günü müddətində yeni vəsiqə verilir.

Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 iş günü müddətində həmin vəsiqəni Agentliyə təhvil verməklə vəsiqənin yenidən alınması üçün müraciət etmək hüququna malikdir.

Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini işəgötürənə (media subyektinə) təhvil verməli, media subyekti isə həmin vəsiqəni təhvil aldığı gündən ən geci 3 iş günü müddətində məhv edilməsi üçün Agentliyə təqdim etməlidir.

Fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalistlər Reyestrdən çıxarıldığı gündən ən geci 3 (üç) iş günü müddətində vəsiqəni məhv edilməsi üçün Agentliyə verməlidirlər.

Jurnalistlərin reyestrə daxil olmasına hansı hallarda imtina veriləcəyi məlum olub

Reyestrə daxil edilmək üçün müraciət etmiş jurnalistlərə hansı hallarda imtina veriləcəyi açıqlanıb.

Bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb.

Bildirilib ki, Reyestrə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur:

- ali təhsili olmadıqda;
- fəaliyyət qabiliyyətli olmadıqda;
- ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edildikdə;
- məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;
- media subyekti ilə əmək müqaviləsi olmadıqda (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır);
- Reyestrə daxil edilməmiş media subyektində işlədikdə;
- işlədiyi media subyekti davamlı fəaliyyət göstərmədikdə (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);
- fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda;
- işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə Qanunun 59.7-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq olduqda;
- jurnalistika sahəsi üzrə iş stajı 3 (üç) ildən az olduqda və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç) ildən az fəaliyyət göstərdikdə;
- jurnalist kimi fəaliyyət göstərdiyi müddətdə peşə etikası (etik davranış) qaydalarına riayət etmədikdə;
- fərdi sahibkar kimi vergi uçotuna alınmadan fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işlədikdə.

.