Türk Dövlətləri Təşkilatı hərbi-siyasi blok deyil, amma hərbi-texniki sahədə əməkdaşlıq edirik.

Bunu Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə deyib.

Kamilov bildirib ki, TDT-yə üzv ölkələr arasında hərbi-texniki əməkdaşlıq olsa da, bu təşkilat hərbi-siyasi blok kimi fəaliyyət göstərmir.

"Hərbi sahədə əməkdaşlıq edirik, texnologiya mübadiləsi aparırıq, lakin bu təşkilat hərbi-siyasi blok deyil. Bu aydınlaşdırılmalıdır ki, heç kimdə narahatlıq yaranmasın”, — Kamilov qeyd edib.

O əlavə edib ki, ölkələr arasında bu əməkdaşlıq təbii bir prosesdir: “Ölkələr hərbi texnologiya sahəsində əməkdaşlıq edir, hərbi-texniki təcrübə mübadiləsi aparır və digər sahələrdə təcrübə paylaşır”.

Müşavir vurğulayıb ki, təşkilatın əsas məqsədi mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi və elmi-texniki sahədə əməkdaşlıqdır.

"Təbii ki, hərbi-texniki sahədə əməkdaşlıq da mümkündür, amma bu heç də təşkilatın hər hansı siyasi bloka çevriləcəyi anlamına gəlmir", - o vurğulayıb.

.