Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimai-iaşə obyektlərinin fəaliyyəti zamanı ayrılan tüstünün, qazların və iy-qoxunun və atmosfer havasında zərərli maddələrin səviyyəsinin araşdırılması ilə bağlı təkcə Bakı şəhərində deyil, digər şəhər və rayonlarda da bu monitorinqlər aparılacaq.
Bunu nazirliyin Ekoloji təbliğat şöbəsində ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, hazırda komissiya öz işini davam etdirir.
"Son vaxtlar Ekologiya və Təbii Sərvətlər nazirliyinin ünvanına Bakı sakinləri tərəfindən iaşə obyektlərində olan vəziyyətlə, ətrafa yayılan qoxu, tüstü ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Nazirin əmri ilə araşdırma qrupu yaradılıb, komissiya fəaliyyət göstərir. Bu obyektlər ölkə əhalisinə xidmət göstərir, biz orada dincəlirik, sahibkarlıq inkişaf edir. Lakin onların fəaliyyəti əhali hissəsinin maraqlarına narahatlığına səbəb olmamalıdır. Hazırda komissiyanın işi davam edir. Təkcə Bakı şəhərində deyil, digər şəhər və rayonlarda da bu monitorinqlər aparılacaq", - Tağıyeva bildirib.
Sektor müdiri həmçinin komissiyanın araşdırmasının sahibkarlar tərəfindən necə qarşılanacağına da aydınlıq gətirib.
"Biz sahibkarları başa düşürük. Amma onlar şəxsi maraqlarını əhalinin maraqlarından üstün tutmamalıdırlar. Kim ki biganə yanaşacaq onlara qarşı ciddi mübarizə aparacağıq. Artıq sahibkarlara və müvafiq icra hakimiyyətlərinə məktubla müraciət etmişik”, - deyə U.Tağıyeva sözlərini yekunlaşdırıb.
.
