Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "FF-2011" MTK-nın təsisçisi Tamella İbrahimova ifadə verib.

O, ifadəsində deyib ki, 2011-ci ildən şirkətin təsisçisidir və hazırda onkoloji xəstədir: "Rasim Quliyevi birinci dəfədir burda görürəm. Şəkillərini görmüşəm, bir də dəfə adını bu işlərdən əvvəl eşitmişəm. Rasim Quliyevin işi ilə bağlı Korrupsiya qarşı Mübarizə Baş İdarəsində dindirilmişəm. Lakin mənə orada Rasimin tutulması ilə bağlı məlumat verilməyib. Bir dəfə də olsun, aramızda üzləşmə olmayıb. Rasim Quliyevin həbs olunduğunu eşidəndə sonra tələb etsəm də, onunla məni üzləşdirmədilər".

Şahid deyib ki, 2012-ci ildə Dilara Əliyeva küçəsində ona borc qarşılığında torpaq verilib: "Sonradan mənə dedilər ki, orada park olacaq. Mən həmin vaxt Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdim. Dedilər ki, sənə yer verəcəyik. Yay ayları idi, mənə zəng gəldi, icraya çağırdılar. Dedilər ki, sizə icazə verəcəklər ev tikəcəksiniz. Mənə icazə verildi, başladıq Dilarə Əliyeva 145 ünvanında olan evləri almağa, layihə hazırladıq. Bakının baş memarı Akif Abdullayev mənə tanış memar təklif etdi, həmin memar bizimlə işləməyə başladı. Əvvəldən heç bir pozuntu olmayıb. Layihəni apardım Akif Abdullayevə göstərdim, dedi ki, bina böyükdür, kiçildək. Layihəni azaltdım, bütün qurumlardan təsdiqlədərək Akif Abdullayevə verdim".

T. İbrahimova deyib ki, Bakı şəhər İcra Hakimiyyətindən Zülfəli adlı şəxs ona zəng edərək Hacıbala Abutalovun ərazidə tikinti aparmağı qadağan etdiyi bildirib: "Müəyyən danışıqlar apardım. Sonradan dedilər ki, əraziyə ağır çəkili yük avtomobillərin keçməsi yolu dağıdır. Axırda Zülfəli dedi ki, o, tikintiyə gələn-gedən maşınlara nəzarət edəcək. Mən də razılaşdım. 2015-ci ildən söküntüyə başladıq. Biz evi alırdıq, Bakı Şəhər İcra Hakimiyyəti sökürdü. Sakinlərdən biri BŞİH-ni məhkəməyə verdi və uddu. Zülfəli dedi ki, o özü həll edəcək məsələni. Zülfəli mənim aldığım evlərə ayrı-ayrı adamları gətirib kirayə saxladı. Hələ də yaşayırlar. Dilarə Əliyeva 145-də isə memarlıq üslubu yoxdur. Bu bina memarlıq binası olsaydı, iki il sənədləşmə gedən halda mənə nəsə təqdim edərdilər.

Məsələ ilə bağlı o vaxt Baş nazirin müavini Hacıbala Abutalıbovun yanında olmuşam. Hacıbala müəllim məni arxayın elədi.

Bir müddət keçəndən sonra Zakir Qaralov bir məktub göndərdi ki, bina qanunsuz tikilir. Biz də işi saxladıq. Hacıbala müəllimlə görüşə getdim. O dedi ki, müavini Rauf Pənahov rəhmətə getdi, ona görə tikintini saxlayıblar. Sonradan mənə icradan dedilər ki, 2013-cü ildə aldığım sərəncam 2014-cü ildə ləğv edilib. 2014-cü ildə mən ora 17 milyon pul qoymuşdum. Mənim o qədər sübutum var”.

Şahid qeyd edib ki, bir müddət sonra onun ofisinə Mədəniyyət Nazirliyindən Vüqar adlı şəxs gəlib: "Vüqar dedi ki, nazirliyinin yanında Mədəni İrsin Qoruması, İnkişafı və Qorunması üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovla görüşməlisən. Görüş zamanı o məndə çox mənfi təsir yaratdı. O zaman ona dedim ki, sənin yerin DTX-nın təcridxanasıdır. Deyirdi ki, evləri sökmüsən, tarixə abidəni məhv etmisən, tikintini dayandırmalısan. Mən ordan çıxıb Hacıbala müəllimin yanına getdim. Hacıbala müəllim yanımda Əbülfəz Qarayevə zəng elədi. Əbülfəz Qarayev dedi ki, ərazidə evlər köhnədir, siz tikintinizi aparın. Zakir Sultanova tapşıracağını bildirdi".

Hakim bildirib ki, şahidin ifadəsinin davamını gələn prosesdə dinləyəcəklər.

Proses oktyabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılıb.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

.