Dünyada təxminən 800 milyon insan hələ də ifrat yoxsulluq şəraitində yaşayır.

Bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Pekində keçirilən Yoxsulluğun Azaldılması və İnkişaf üzrə Qlobal Forum iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.

“Qadınlar, uşaqlar və kişilər olmaqla 800 milyon insan – ucqar kənd icmalarından tutmuş sıx məskunlaşmış şəhər gecəqondularınadək – hələ də ifrat yoxsulluq şəraitində yaşayır”, – müraciətdə qeyd olunub.

Quterreş bildirib ki, münaqişələr, iqlim dəyişiklikləri, dərinləşən bərabərsizlik və ağır borc yükü həmin insanların vəziyyətini daha da çətinləşdirir.

BMT baş katibi hökumətləri layiqli iş yerlərinin yaradılmasına, keyfiyyətli təhsil və səhiyyəyə, kənd ərazilərinin dayanıqlı inkişafına və universal sosial müdafiə sisteminə investisiya yatırmağa çağırıb.

Bundan əlavə, Quterreş qlobal maliyyə sistemində islahatların vacibliyini vurğulayıb. O qeyd edib ki, inkişaf etməkdə olan ölkələrin inkişaf layihələrinə sərmayə yatırmaq üçün maliyyəyə və fiskal imkanlara, eləcə də beynəlxalq arenada daha geniş dəstək və təmsilçiliyə ehtiyacı var.

.