Müstəqil.Az Faiq Balabəylinin qürbətdə yaşayan şair Əbülfət Novruzla söhbətini təqdim edir

 

Bu dəfə sorağına düşdüyüm şair illərdir Moskvada yaşayan Əbülfət Novruz oldu. Şamaxının Məlhəm kəndində doğulub, boya-başa çatıb, Sumqayıtda yaşayıb və illər öncə taleyin ruzigarı onun alnına qürbətdə yaşamaq yazıb. Bu o zamanlar idi ki, ara-sıra dərc olunurdu və onun şeirləri ədəbiyyatımıza özünü təsdiq edəcək bir şairin gəlişindən xəbər verirdi. Haqqında xoş sözlər danışılırdı. Az dərc olunsa da, imzası imzalar içində boy verirdi, görünürdü.

 

Sovetlər dönəmində ədəbiyyata gəlişin çətinliyi hər kəsə məlumdur. Sonra imzası da özü kimi görünmədi. Onun ədəbi nəslindən olan, ədəbiyyatda imzaları ilə boy göstərən şairlər hansısa məclisdə ara-sıra onu xatırlayırdılar. Əbülfət Novruz bu günlərdə sosial şəbəkədə göründü, şeirlərini paylaşdı. Saytların birində şeirləri yayımlandı. Qiyabi tanıdığım, illərdir qürbət həyatı yaşayan şair Əbülfət Novruzun sorağına düşdüm və onu "Soraq” layihəsində oxucularımızla görüşdürdüm:

 

 

– Əbülfət müəllim, neçə illərdir qürbətdəsiniz. Qürbətin havası necədir? Havasızlıq hiss etmirsiniz ki?

 

– Artıq 20 ildir Rusiyadayam. Mütəmadi vətənə gedib-gəlsəm də, ümumi ab-havada bir çatışmazlıq var. O da mənim bulağa su dalınca gedib əlimdəki dolçanı bulaq başında salıb sındırmağımla bağlıdır…

 

– Dolanışıq dalınca getmək ədəbiyyatı, yaradıcılığı arxa plana saldı deyəsən.

 

– Bəzən uzun müddət şeir yazmamışam. Fəqət özümlə pıçıltılarım daimi olub. Qidanın daha çox önəmli olduğu vaxtlarda hər şey maddiləşir. Dünyaya, insanlara, təbiətə sənin ehtiyacını ödəyəcək gözlərlə baxmağa başlayırsan. Özünlə olduğun anlarda isə yaşamın fərqinə varırsan. Mən ehtiyacımı ödəyəcək dünyadan, ruhumu oxşayacaq bənövşəni daha çox sevirəm…

 

– Ara-sıra şeirlər paylaşırsınız, misralarınızdan kədər qoxusu gəlir…

 

– Kədər bulanıq suyu duruldan, onu içməli hala gətirən bir zəy daşıdır. Kədərlə yoğrulan şeirin "mayası” tutumlu, ”çörəyi” bərəkətli olur…

 

 

Ruslarla qonşu olsaq da…

 

 

– Qürbətin havasızlığı vətənin çəhliminə, sisinə qarışır… Həm də şeirlərinizdə…

 

– Ustad şairimiz Musa Yaqubun bir misrasını xatırladım: "Oturum qoy bir az bu daş üstündə, Bir görüm bu dünya hayana gedir…” Təbiətə üz tutub, onun dağında, bulağında, ağacının solan yarpağında, üfüqünün qızartısında dünyanın gedişini tutmaq, onun çənində, sisində hər gözə görünməyən məkrləri görmək, hiylələri açmaq şair qismətinə düşən tale payıdır. Yüz illərlə başımızdan çəkilməyən dumana öyrənişib həyatını sürən, marıqda durub özünü azad hiss edən dovşanların gəlişini gözləyən kəmfürsətlər durduqca Çən haqqında şeirlər yazılacaq…

 

– Orada – Moskvada vətənə vətən daşı olmaq, vətəndaşlıq etmək çətin olmur ki?

 

– Qürbətdə vətən daşı olmaq "zor işdir”. İllah ki Rusiya ola. Biz ruslarla qonşu olsaq da, çox da kiçik olmayan bir tarixi dövrü bir icma daxilində yaşasaq da, ruslar qonşularından yaxşı heç nə əxz etməmişlər. Və belə bir cəmiyyətdə özünütəsdiq olduqca çətindir.

 

– Konkret bizim azərbaycanlılar orada özlərini necə təmsil edir? Axı hər kəs özü boyda Azərbaycandır.

 

– Burada ən ciddi problem bizim millətin milli dəyərlərə laqeydliyi, bir-birlərinə ögey münasibətidir. Keçmiş Sovet məkanından Rusiyada ən çox qətlə yetirilən azərbaycanlılardır. Və bu qətllərin əsas "ifaçıları” da azərbaycanlılardır. Burada yaşayan "köhnə” azərbaycanlılar mənim sözümü təsdiq edərlər. Bu bizim xalqımızın ən böyük faciələrindən biridir. Alimlərimiz və ziyalılarımız xalqa Qarabağın bizim olduğunu sübut etməyə çalışdıqları qədər buna da önəm verməlidirlər. Azərbaycanda təəssüf ki, təbliğat maşını ancaq bir istiqamətdə hərəkət edir.

 

Söz yüyənsiz at kimidir

 

– Yazdıqlarınız yazmaq istədiklərinizlə üst-üstə düşürmü?

 

– Əlbəttə ki, yox. Çox vaxt yazmaq istədiklərinin yüzdən birini yaza bilmirsən. O qədər dolursan ki, sözlər "uçub” gedir, fikirləri saxlaya bilmirsən. Söz yüyənsiz at kimidir. Vaxtında cilovladın sənindir. Sözün cilovu qələmdir. Şairin qələmsiz qalmağı korun bələdçisiz yeriməyinə bənzəyir.

 

– Ədəbi mühitlə bağlı nə düşünürsünüz?

 

– Mən hələ orta məktəbdə oxuyarkən Yazıçılar İttifaqının qapısını açıb içəri girmişdim. Rəhmətlik Qabil müəllimlə, İsmayıl Şıxlı ilə, Ələkbər Salahzadə ilə, Musa Yaqubla görüşmüşdüm. O zaman qoltuğumda tutduğum dəftərçədə olan şeirlər mənə o qədər cılız göründü ki, az qala gizlədəcəkdim. Onların hər birinin ayrı-ayrılıqda mənə olan münasibəti məni toxtatdı. Yaşa dolduqca şairlərin, görkəmli sənət adamlarının belə canbazlığının, dostbazlığının şahidi oldum. İndinin özündə də şairin bir yaxşı şeirinə görə, yüz zəif şeirinə "əhsən” deyənlər az deyil…

 

Bir şəhid anasının hıçqırtısını…

 

– Xatirələrinizlə baş-başa qalıb yazdıqlarınız çoxdur. İkinci ömür adlandırırsınız xatirənizə gələnləri. Yaşananları necə ikinci ömrə sığışdırırsınızki?..

 

– Bizim yaddaşımızda iz qoyub, daima bizi məşğul edən keçmişimizə bu günümüzdən baxırıqsa, o artıq bizim əvvəlki ömrümüzdür. Uşaqlığın, gəncliyin və ondan sonrakı dövrlərin hərəsinin özünə görə yaşam tərzi və "ömrü” var. Bütöv halda bu dövrlər bir insan həyatını əks etdirmiş olsa da, bəzən bir-birinə bənzəməyən xarakterlərin sahibi olan insanla üzləşirsən. Mən insanların adam bolluğunda gözlərinə göründüyümdən daha çox özümə çəkildiyim ömrümü yaşayıram. İnsanlıq çox zaman atın qabağına ət, itin qabağına ot qoysa da, itə at, ata it ömrünü yaşada bilmədi. Şairin payına düşən isə qələmə aldığı solğun bir yarpaqdan tutmuş, küləyin sovurub havaya püskürdüyü qum dənəsinin belə "ömrünü” yaşamaqdır. Bir şəhid anasının hıçqırtısını, bir dağ şəlaləsinin qəhqəhəsini yaşamaqdır. Bir ömrü ömürlərə paylamaqdır.

 

– Nə istəyirdiniz, niyə istədikləriniz olmadı?..

 

– Az şey istəyirdim, azın çoxu olmadı. Allaha həmd olsun!

 

… Söz-sözü çəkdi, çox mətləblərdən bəhs etdik, söhbətimiz əsasən  ədəbiyyatın, şeirin həndəvərində oldu. Öz səsində şeirlərini dinlədim. Bəzilərini də özüm oxudum. Oxucularımıza bir neçə şeirini təqdim etmək istədiyimi dedim, 3 şeir göndərdi…

 

Balıqçı qardaş…

 

Balıqçı qardaş, at bu toru dəryaya
Toruna dəryadan başqa
Hər şey düşəcək…
Xərçənglər balıqlarla,
Nəhənglər
"Qalıq-quluqlarla”
Son nəfəsdə də olsa hövürləşəcək..
Görəcəksən nəhəng balıqların
Necə əzabnan
Hay-küynən,
Zülümnən öldüyünü…
Görəcəksən xırda balıqların
Səbirnən
Dözümnən
Sükuta Necə
Sakit gömüldüyünü…
Balıqçı qardaş at bu toru
Bu şəhərin boz damlarına…
Məlikməmməd ipi kəsib taxta çıxan
Qardaşlarnan görüşəcək…
At bu evsiz, eşiksiz küçə adamlarına…
Evlərinə çəkilib tora düşməyənlər
Xısın-xısın gülüşəcək..
Balıqçı qardaş,
Birin bilirsən, minin yox…
Atdığın bu torun dilin bilirsən,
Dinin yox..

 

Hacıleylək

 

Hacıleylək gözüm səni itirməz daha,
Uçuşundan səadət də qoxuyur hərdən…
Bu çöllüklər Məcnunluğu götürməz daha
Ürəyimiz başqa dildə oxuyur hərdən..

Hacıleylək, hacılığın yaxşıdı elə.
Çox ötmüsən bu zamandan, bu axan vaxtdan.
Sənin üçün tale verən naxışdı elə,
Çapalayan balıqları dənlə bu arxdan…

Çox sınadım… "şər deməsən, xeyr gəlməz”i
Hacıleylək, bu yolları bürkümü tutub?
Müvəqqəti gələsilər getsin gəlməsin
Müvəqqəti gedəsilər yükünü tutub…

Sənin üçün yer də vətən, göy də vətəndi
Qışa düşdün, vətəndə də qəribsən demək…
Qəfilliklər birdən gəlib, birdən ötəndi
Söküb, tökən leysanları görübsən demək…

Bu göydəki sonsuzluğa aldanma çox da
Yersiz o öz məqamını saxlayan deyil…
Boynundakı ucalıqda daldanma çox da,
Bəlaların qapısını bağlayan deyil…

Hacıleylək, itib-batıb Zümrüd quşları
Ehh, nə bilim, bəlkə elə mənimçün yoxdu
Qanadların xatırladır ağappaq qarı,
Yorğanını çək üstümə, mənə soyuqdu…

Hacıleylək sən də elə köçəri quşsan.
Mən də elə sənin kimi, köçəri adam..
Uşaqların hay-küyündən perikib uçsan,
Böyüklərin qəzəbini çətin ovudam…

 

Ocaq daşları və mən…
Getdi bu çəmənin göz oxşamağı,
Yığdı şələsini sakinləri də …
Təzəcə göz açan körpə bulağı
Bu solan gözəllik çətin kiridə…

Düzəndə qaralır bir ocaq yeri,
Onun ətrafında durubdu daşlar…
Kişilər yerini gör kimə verib?!
Küllükdə bir məclis qurubdu daşlar…

Bu sönən ocaq tək itib, batıbdı
Qədəh cingiltisi, nə bilim nələr..
Yəqin başqa yerdə məskən tapıbdı,
Gözə görünmələr, gözə girmələr…

Daşlar halay vurub durar ayaqda
Gələr tamaşaya yollar, cığırlar
Saxlayar küllüyü torpaq – tabaqda
Əvvəldən sonunu görsün oğullar.

Bu daşlar öpülməz məzar daşı tək,
Çopur üzlərinə sığal çəkilməz…
Hələ çox közləri kül eyləyəcək,
Yaddaşı çözülməz, qəddi bükülməz…

Götürün məni də sıranıza siz…-
Ayağım küllükdə, başımda duman…
A daşlar mənimlə yallı gedəsiz..
Baxıb oğrun-oğrun ötüşsün zaman..

.