Çox vacib matçdır.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis tanınmış kluba qarşı oynayacaqlarını bildirib:

"Rəqib dünya futbolunda tanınır. "Ayaks"ın futbolun böyüməsində çox payı olub. Qarşılaşmaya pis hazırlaşmamışıq. Futbolçuların hazırlıq səviyyəsi pis deyil, istəklidirlər. Azarkeşlərin razı qalacağına inanıram. Bu da bizim üçün önəmlidir".

Q.Qurbanov Marko Veşoviş və Mateus Silvanın sözügedən görüşdə meydana çıxmayacağını söyləyib:

"Belə klubların Bakıya gəlməsi futbolumuza sevginin artması, inkişaf üçün böyük təkandır. Azyaşlı oyunçular belə nəhəng klubların Azərbaycana gəldiyini görür. Bu da futbola sevgini daha da artıra bilər. Bizim də təcrübəmiz çoxdur. Böyük klublara qarşı oynamışıq. Çəkinmirik, məğlubiyyətlər də görmüşük. Gələcəyə nikbin baxmaq və böyümək istəyiriksə, bu cür komandalarla oynamaqdan çəkinməməliyik. Belə rəqibə qarşı necə düzgün oynamalıyıq? Bu barədə düşünməliyik. Rəqib yaxşı kollektivdir, dinamik və ağıllı futbol sərgiləyir. Onlara qarşı mübarizə aparacağıq və bəzi şeyləri də öyrənirik".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna təsadüf edən "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

.