Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin keçirilməsi Azərbaycan ilə Türk Dövlətləri Təşkilatı (TDT) arasında mədəni-humanitar əməkdaşlığın inkişafını əks etdirən mühüm hadisələrdən biridir. Tədbir türk xalqlarının ortaq tarixi, dili, ədəbiyyatı, mədəniyyəti və mənəvi dəyərlərinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini ön plana çıxarır. Eyni zamanda, bu təşəbbüs TDT çərçivəsində ortaq kimliyin möhkəmləndirilməsi, humanitar inteqrasiyanın dərinləşdirilməsi və türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Deputat bildirib ki, bu tədbir Azərbaycanın Türk dünyasının mədəni və elmi həyatında tarixən mühüm rol oynadığını bir daha nümayiş etdirir. Onun sözlərinə görə, 1926-cı ildə Birinci Türkoloji Qurultaya Bakının ev sahibliyi etməsi Azərbaycanın həmin dövrdə türkoloji tədqiqatların, elmi fikir mübadiləsinin və mütərəqqi ideyaların əsas mərkəzlərindən biri olduğunu təsdiqləyirdi.

Novruzəli Aslanov qeyd edib ki, qurultayda dil, tarix, etnoqrafiya, ədəbiyyat və ortaq əlifba kimi məsələlərin müzakirəyə çıxarılması türk xalqları arasında elmi və mədəni əməkdaşlığın inkişafında mühüm mərhələ olub. Onun sözlərinə görə, sonrakı dövrdə sovet totalitar rejimi bu ideyaların həyata keçirilməsinə mane olsa da, onların əhəmiyyəti aradan qalxmayıb və müstəqillik illərində yenidən aktuallıq qazanaraq türk dövlətləri arasında inteqrasiyanın ideoloji əsaslarından birinə çevrilib.

Deputat vurğulayıb ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə qeyd olunması xüsusi siyasi və simvolik məna daşıyır. Bu, Azərbaycanın təşkilat daxilində təşəbbüskar mövqeyini, türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni və ortaq tarixi-mədəni irsin qorunmasına göstərdiyi diqqəti nümayiş etdirir.

Onun sözlərinə görə, Azərbaycanın irəli sürdüyü təşəbbüslər TDT çərçivəsində humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsinə, ortaq dəyərlərin təbliğinə və türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.

"Tədbir eyni zamanda göstərir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Təhsil, elm, mədəniyyət, dil siyasəti, ortaq tarix və mədəni irsin öyrənilməsi kimi sahələr də təşkilatın fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Bu sahələrdə həyata keçirilən layihələr türk xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, ortaq humanitar məkanın formalaşdırılmasına və ümumtürk dəyərlərinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir", - deyə Novruzəli Aslanov bildirib.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə də vurğulandığı kimi, TDT-nin ortaq humanitar məkanın formalaşdırılması istiqamətində həyata keçirdiyi müasir layihələrin ideya əsasını Birinci Türkoloji Qurultayın irəli sürdüyü mütərəqqi prinsiplər təşkil edir.

Onun sözlərinə görə, bu yanaşma tarixi irslə müasir inteqrasiya prosesləri arasında varisliyi nümayiş etdirir və TDT-nin fəaliyyətinin ortaq tarixi yaddaş üzərində qurulduğunu göstərir. Müraciətdə Türk dünyasının böyük sivilizasiya irsinin davamçısı kimi gələcəkdə nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməsi perspektivinin vurğulanması isə təşkilatın uzunmüddətli strateji baxışını və üzv dövlətlərin ortaq məqsədlər ətrafında birləşmək iradəsini ifadə edir.

Novruzəli Aslanov sonda bildirib ki, ümumilikdə "Türk Dünyası Həftəsi" Azərbaycan ilə Türk Dövlətləri Təşkilatı arasında humanitar əməkdaşlığın daha da dərinləşdirilməsinə, ortaq tarixi və mədəni irsin qorunmasına, elmi əməkdaşlığın genişləndirilməsinə və Türk dünyasında həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən mühüm platformadır.

.