Bu gün Bakıda "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərinə dair Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə birgə tədbir keçirilib. Tədbirdə Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan, İran və Rusiya arasında birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.

Bəyannaməni Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi və Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak imzalayıblar.

Bəyannaməyə əsasən, tərəflər dəhlizdən tam potensialı ilə istifadə etmək üçün infrastrukturun və nəqliyyat imkanlarının qiymətləndirilməsi və təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər və 2030-cu ilə qədər tərəflərin əraziləri arasında 30 mln. ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alıblar.

Qeyd olunub ki, tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının, prosedurların asanlaşdırılması məsələləri ilə məşğul olduğu üçün Tərəflər arasında Birgə İşçi Qrupunun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətində olduqlarını vurğulayıblar.

Bundan əlavə, tərəflər bir ay ərzində "Rəşt-Astara" Dəmir Yolu Layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını da bildiriblər.

.