"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" (ABDF) ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BB-" səviyyəsindən "BB" səviyyəsinə yüksəldib.
"Report" "S&P Global Ratings"ə istinadən xəbər verir ki, reytinq üzrə proqnoz "Sabit"dir.
Fondun qısamüddətli reytinqi "B" səviyyəsində təsdiqlənib.
Agentlik qeyd edir ki, reytinq qərarı kredit portfelinin sağlamlaşdırılması və risk profilinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına əsaslanır.
2024-cü ilin sonunda ABDF-nin tərkibinə daxil olan Sahibkarlığın İnkişafı Fondu (EDF) lisenziyaları 2016-2020-ci illərdə ləğv edilmiş kredit-maliyyə institutlarının 192 milyon manat (112,9 milyon ABŞ dolları) məbləğində problemli kreditlərini (Stage 3) silib. Nəticədə 2025-ci ilin ortalarına qədər fondun portfelində belə kreditlərin payı 2023-cü ilin sonundakı 24 %-lə müqayisədə 1,4 %-ə qədər (9,7 milyon manat) azalıb.
Agentlik xatırladır ki, ABDF İqtisadiyyat Nazirliyinin himayəsi altında Sahibkarlığın İnkişafı Fondu (EDF) və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AIC) birləşdirilməsi ilə yaradılıb. Hazırda hər iki strukturun əməliyyat inteqrasiyası və Direktorlar Şurasının formalaşdırılması prosesi davam edir.
"Sabit" proqnoz agentliyin analitiklərinin növbəti 12 ay ərzində fondun inteqrasiya proseslərini uğurla başa vuracağı, yüksək kapitallaşma səviyyəsini və riskə orta dərəcəli meylliliyi qoruyub saxlayacağı ilə bağlı gözləntilərini əks etdirir.
"S&P" bildirir ki, inteqrasiya prosesi zamanı çətinliklərin yaranacağı və ya fondun borc yükünün və risk profilinin əhəmiyyətli dərəcədə artacağı təqdirdə reytinqin aşağı salınması mümkündür.
Analitiklər yaxın gələcəkdə reytinqin yüksəldilməsi ehtimalının az olduğunu hesab edirlər.
.
