"Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov vəfat edib.

Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

T. Əhmədov bu gün səhər saatlarında dünyasını dəyişib.

 Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olub, 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçüb. 1949-cu ildə Qərbi Azərbaycanın Zəngibasar (indiki Masis rayonu) rayonunda orta məktəbi qızıl medalla bitirib, təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirib (1949-1954). Eyni zamanda 1954-1958-ci illərdə Ermənistan KP MK-nın orqanı "Sovet Ermənistanı" qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1961-1964-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirantura təhsili alıb, "Nəriman Nərimanovun dramaturgiyası" mövzusunda namizədlik (1966), "Nəriman Nərimanovun yaradıcılıq yolu" mövzusunda doktorluq işi müdafiə edib.

1965-1968-ci illərdə "Azərbaycan" jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini (1968-1990), 1988-ci ildən aparıcı elmi işçi olub. 1990-1991-ci illərdə "Vətən həsrəti", 1992-1993-cü illərdə "Hikmət", "Yeni fikir" qəzetlərinin baş redaktoru olub. 1996-cı ildən Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1995-ci ildən "Respublika" qəzetinin baş redaktoru idi.

Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2002-ci ildə "Tərəqqi" medalı, 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 
 

.